"Ümid-Babək" blokunun I mərhələsində illik hasilatın 3-4 mlrd. kubmetr olacaq

31.05.2018 Energetika
Ümid- Babək" blokunun işlənməsinin I mərhələsində illik hasilatın 3-4 mlrd. kubmetr təşkil etməsi nəzərdə tutulur.

"Kommersant.Az" xəbər verir ki, bunu "Nobel Upstream" şirkətinin maliyyə direktoru Hüseyn Qasımov bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə hasil olunan qazın bütün həcmləri daxili bazara veriləcək.

Şirkət rəsmisi tam işlənmənin növbəti mərhələsində isə əlavə illik 3-4 mlrd. kubmetr qaz hasilatının planlaşdırıldığını, bu həcmlərin isə regional bazara yönəldiləcəyini qeyd edib: "Blokun işlənməsinin növbəti mərhələlərində isə qaz Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına çatdırıla bilər".

O həmçinin bildirib ki, 2012-ci ildən indiyə qədər "Ümid" yatağından 2 mlrd. kubmetrdən az qaz hasil edilib.

Qeyd edək ki, "Ümid" yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir.

2012-ci ildə “Ümid” yatağında hasilata başlanılıb. Hazırda yataqda 3 quyu istismardadır.

2017-ci il yanvarın 12-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında" "SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb. Müqavilə mayın 2-də isə Milli Məclisdə təsdiq edilib.