USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azeri Light”ın qiyməti 80 dollarda stabilləşsə… - EKSPERT RƏYİ

02.07.2018 İqtisadiyyat
0 0
“Azeri Light”-ın bir barelinin qiyməti bu il ikinci dəfədir ki, 80 dolları keçir. Belə ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,92 dollar bahalaşaraq 80,53 dollar olub.

İqtisadçı alim Vüqar Bayramov "Kommersant"a açıqlamasında bildirib ki, "Azeri Light"-ın qiymətində artımın müşahidə edilməsi ilk növbədə dünya bazarında neftin qiymətinin yüksəlməsi ilə əlaqədardır:

"OPEK-in son toplantısından sonra dünya bazarında neftin qiymətində artım müşahidə edilir. Baxmayaraq ki OPEK Vyanada gündəlik hasilatın1 milyon ton artırılması ilə bağlı qərar qəbul etdi, qiymətləndirmə göstərir ki, qərarın icrası texniki baxımdan müəyyən vaxt tələb edir".

V.Bayramovun sözlərinə görə, ABŞ-ın İranla bağlı sanksiyalar tətbiqi, İran ətrafındakı gərginlik də nəticə etibarilə neftin dünya bazarındakı qiymətinə təsir göstərir:

"Yeni sanksiyalara əsasən İrandan neft alan ölkələr noyabrın 4-dək onunla əməkdaşlığı dayandırmalıdırlar. Əgər həmin vaxtdan sonra neft alışını davam etdirəcəklərsə, bu, o ölkələrə qarşı sanksiyaların tətbiqinə gətirib çıxara bilər. O zaman bazarda təklifin azalması, tələbin artması müşahidə olunacaq. Bu isə Brent markalı neftin qiymətinin artmasına səbəb olacaq. Nəticə "Azeri Light" markalı neftin qiymətinə də təsirsiz ötüşməyəcək".

Ekspert qeyd edib ki, neftin qiymətində kəskin artım gözlənilmir:

"OPEK və Səudiyyə Ərəbistanı hasilatın 2 milyon ton artırılmasını nəzərdə tutub. Bu reallaşarsa, neftin qiymətinin yenidən stabilləşməsi müşahidə edilə bilər".

İqtisadçı eyni zamanda vurğulayıb ki, "Azeri Light" markalı neftin qiymətinin artmasının Azərbaycan üçün nəticələri məqbul sayılır.

"Azərbaycan ixracatının 90%-ni neft təşkil edir. "Azeri Light"-ın qiyməti 80 dollar ətrafında qalarsa, ölkəyə daxil olan valyutanın həcmi artacaq.

Azərbaycan neftinin qiyməti 2014-cü ilin ortalarına qədər 100 dollardan yüksək olub. Bu isə Brent markalı neftin qiymətinin qalxması ilə birbaşa bağlı olub. Hazırki göstərici 2014-cü ildən sonra müşahidə edilən ilk qiymət yüksəlişidir".

Xatırladaq ki, "Azeri Light"-ın bir barelinin qiyməti sonuncu dəfə bu il mayın 18-də 81 dolları ötmüşdü.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin minimal qiyməti 2001-ci ilin dekabrında 19,15 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar təşkil edib.

Aytən Novruzova

  • Əvvəlki

    MDB ölkələrindən altısının milli valyutası bu il ABŞ dollarına nisbətdə bahalaşıb

Digər xəbərlər