Benzin bahalaşacaqmı? - EKSPERT RƏYİ

06.08.2018 Energetika
Dünya birjalarında neftin qiymətinin ucuzlaşması benzin qiymətlərinə necə təsir edəcək?

"Kommersant.az" xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti uzun zaman davam edən ucuzlaşmadan sonra bu gün yenidən stabilləşib.

Neftin ucuzlaşması benzinin qiymətinə təsir edə bilərmi?

İqtisadçı ekspert Natiq Cəfərli redaksiyamıza açıqlamasında bildirib ki, Azərbaycanda dünya bazarı ilə korrelyasiya olmadığından neftin qiyməti kəskin şəkildə düşsə, büdcə gəlirləri azalsa, həmin azalmanı kompensasiya etmək üçün yanacağın qiymətini qaldıra bilərlər:

"İranla ABŞ arasında gərginliyin artmasına, İrana neft satışına qadağaların noyabrın 1-dən qüvvəyə minəcəyinə baxmayaraq neftdə ucuzlaşma trendi yaranıb. Azərbaycanda benzinin qiyməti 70 qəpikdən 90 qəpiyə qalxanda dünya bazarlarında neft indikindən təqribən 60-70% ucuz idi (48 dollar). Dizel yanacağının, benzinin və kommunal xidmətlərin qiymətləri bazar tərəfindən deyil, inzibati qaydada hökumət tərəfindən tənzimlənir deyə, bunun dünya bazarlarında gedən proseslərlə əlaqəsini qurmaq çətin olur. Məsələn, Türkiyə və Gürcüstanda neftin qiyməti qalxan kimi benzinin də qiyməti avtomatik olaraq artır. Gürcüstanda elan ediblər ki, növbəti həftədən neftin qiymətləri düşsə təqribən 7-8 tetri ucuzlaşma ola bilər".