Qarabağ Azərbaycandır!

Azərbaycan neftin bahalaşmasından nə qədər qazanır?

25.09.2018 Energetika
""OPEK+"un razılıq əldə edə bilməməsi, eyni zamanda ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar qlobal təklifin gündəlik 1.1 milyon barel azalmasına səbəb olur".

"Kommersant.az" xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov açıqlamasında bildirib. Onun sözlərinə görə, neftə olan qlobal təklifin azalması isə tələb və təklif arasında fərqin genişlənməsinə və nəticədə neftin dünya bazarında qiymətində artımlara gətirib çıxarır:

"OPEK və bu təşkilata üzv olmayan ölkələrin son birgə toplantısında hasilatın artırılması ilə bağlı qərarın qəbul edilməməsinə qlobal neft bazarı qısa zamanda reaksiya verdi. Brent markalı neftin bir barelinin dünya bazarında qiyməti 2015-ci ildən sonra ilk dəfə olaraq 80 dollarlıq psixoloji həddi keçib. Bu, Azərbaycan neftinin hər barelinin 80 dollardan daha baha satılması deməkdir. OPEK-in son toplantısından sonra "JP Morgan" "Brent" markalı neftin hər barelinin qiymətinin yaxın zamanlarda 90 dollara çatacağını proqnozlaşdırıb. Digər tərəfdən isə, dünya üzrə ümumi iqtisadi tempinin bir müddət öncə azaldılmasına baxmayaraq neftə tələbin artması müşahidə edilməkdədir. Xüsusilə, Çin və Hindistanda neftə tələbin artması qeydə alınır. Növbəti 20 ildə isə neftə olan tələbin gündəlik 14.5 milyon barel artacağı proqnozlaşdırılır ki, bu da 2040-ci ildə gündəlik 111.7 milyon barel istehlak deməkdir".

İqtisadçı qeyd edib ki, ABŞ Prezidenti Trampın tvitləri də artıq neft bazarına təsir göstərmir:

"Əslində bu tvitlərdə məqsəd qiymət azalmalarına nail olmaqdan daha çox, Birləşmiş Ştatlar Administrasiyasının yüksək qiymətlərdən heç də məmnun olmadığını nümayiş etdirməkir. ABŞ, neftin qiymətinin stabilləşdirilməsi üçün tvitlərdən başqa real heç bir addım atmaqda maraqlı görünmür. Sanksiyalara məruz qalan İran isə OPEK toplantısından öncə yeni razılaşmaya imkan verilməyəcəyini bəyan etdi və buna nail ola bildi. 300 milyard bareldən çox neft ehtiyatları ilə dünyada ən zəngin neft rezervinə malik olan Venesuelada isə iqtisadi böhran neft sektorunu da bürüməkdədir. ABŞ-ın mesajlarına dəstək olan Səudiyyə Ərəbistanı isə bu ilin dekabr ayında keçiriləcək OPEK-in növbəti toplantısında hasilatın artırılması ilə bağlı qərar qəbul etməyə çalışır".

V.Bayramov eyni zamanda vurğulayıb ki, neftin dünya bazar qiymətindəki artımlar Azərbaycan üçün əlavə valyuta daxil olmaları deməkdir:

"Azərbaycanın gündəlik neft ixracatının 641 min barel olduğunu nəzərə aldıqda, qiymətin 10 dollar artması, konsorsium daxil olmaqla, ölkə üçün 6 milyon 410 min dollar gündəlik gəlir deməkdir. Bu vəsaitdən xərc çıxılandan sonra qalan mənfəətin 75%-i ölkəmizə çatır. Bununla belə, bu ilin noyabr ayı neft bazarı üçün əhəmiyyətli olacaq. Həmin ay ABŞ-da aralıq seçkiləri keçirilir və bu seçimin nəticəsi hətta Ağ Evdə belə dəyişikliklərə səbəb ola bilər. Digər tərəfdən isə, ABŞ noyabradək İrandan neft idxalını dayandırmayanlara sanksiya tətbiq etməyi planlaşdırır. Göründüyü kimi, dünya neft bazarında qlobal oyun qaydalarına yenidən dəyişikliklər edilir".