Bankın sabiq əməkdaşlarının şikayəti təmin edilmədi

25.06.2018 Hadisə
Bakı Apellyasiya Məhkəməsində "Muğanbank" ASC-nin külli miqdarda dələduzluqda təqsirləndirilən Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, N.Vəliyev tanışları - Kənan Nağıyev və Cavad Cavadovun etibarından sui-istifadə edərək "Forex" maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda, bu yolla həmin şəxslərin, ümumilikdə, 332 min 200 manat məbləğində vəsaitini ələ keçirməkdə ittiham olunur. İş üzrə zərərçəkmiş şəxs qismində "Muğanbank" ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb. N.Vəliyev Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmədə özünü qismən təqsirli bilib və zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini söyləyib. N.Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Report