Medianın Səhiyyə Nazirliyi, “Azərpoçt” xofu...

17.02.2020 İKT
Bütün dünyanı şoka salan koronavirus epidemiyasına qarşı Azərbaycanda da qabaqlayıcı tədbirlər görülür.

"Kommersant.az" xəbər verir ki, koronovirusun ölkə ərazisinə daxil olmasının qarşısının alınması üçün sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilib. Bundan əlavə, Çindən gələn bütün şəxslərin mütləq şəkildə tibbi müayinədən keçirilməsi və nəzarətə alınması, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi, səhiyyə ocaqlarında "qaynar xətt”lərin yaradılması, maarifləndirmə işlərinin aparılması və vəziyyətlə bağlı əhalinin müntəzəm məlumatlandırılması kimi addımlar əsas tədbirlərdən sayılır. Bundan əlavə Qida Təhlükəsizliyi Agentliyi ölkəyə balıq, mal, quş əti və yumurtanın idxal olunması, eyni zamanda diri quş satışını qadağan edib.

Bəs, "Azərpoct” MMC koronovirusla əlaqədar Çindən Azərbaycana göndərilən bağlamaların sifarişinə qadağa qoyub, yoxsa bu xidmət hələ də fəaliyyətdədir?
Elə bu məqsədlə "Azərpoçt”la əlaqə saxladıq. Dəstəyi qaldıran qurum nümayəndəsi sualımızı sona kimi dinləsə də, bizə cavab vermək yerinə son dərəcə hiddətləndi çox əsəbi şəkildə: "Səhiyyə Nazirliyinin mətbuat xidməti var, onlarla əlaqə saxlayın”, - deyib danışığa nöqtə qoydu.

Məsələ ondadır ki, Səhiyyə Nazirliyinin mətbuat xidməti medianın ən yanıqlı olduğu sahədir. Mövzu Səhiyyə Nazirliyinə aiddirsə, jurnalist bəri başdan heç nəyə nail olmayacağını bilir. Bu gün yenidən "Bir qalanın sirri” filmi çəkiləsi olsa, yəqin ki, qala kimi bu qorxulu nazirlik seçilərdi. "Azərpoct” isə sanki bizi qəsdən o sirli qalaya yönəltdi ki, heç bir informasiya ala bilməyək.

İndi neynəyək, adi bir suala cavab almaq üçün də ölkənin başçısına müraciət edəkmi?

Qaynarinfo