“WorldFood Azerbaijan 2018" sərgisinin iştirakçılarının 70%-i xarici şirkətlər olacaq

15.05.2018 Sənaye
Mayın 16-dan 18-nə qədər “Bakı Ekspo” Mərkəzində keçiriləcək Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi ilə bağlı bu gün mətbuat konfransı keçirilib.

"Kommersant.Az" xəbər verir ki, tədbirdə çıxış edən sərginin təşkilatçısı - Böyük Britaniyanın "İTE Group" şirkətinin regional direktoru Edvard Stroon bu sərginin sayca 12-ci olduğunu deyərək beynəlxalq təmsilçiliyin yüksəl səviyyədə olduğunu qeyd edib.

Onun sözlərinə görə, sərgidə Azərbaycan şirkətləri ümumi iştirakın 30%-ni təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov isə deyib ki, sərgi iştirakçılarının 70%-nin xarici şirkətlər olması yeni imkanlar yaradır.

Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev isə çıxış edərək beynəlxalq təşkilatlarla əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və əlavə edib ki, bu, qida zəncirinin bütün mərhələlərini təmin etməyə imkan verir.

Qeyd edək ki, sərgini KTN, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və QTA dəstəkləyir.

Tədbirdə dünyanın 20 ölkəsini təmsil edən iştirakçılar yerli və xarici istehsalçıların geniş çeşidli məhsullarını nümayiş etdirəcəklər. Sərgidə həmçinin Belarus, İtaliya, Latviya, Türkiyə, Yunanıstan və Şri-Lanka milli stendlərinin iştirakı da gözlənilir. Bu il sərgidə süd, qənnadı məmulatları, şokolad, soyuducu avadanlıq təchizatçıları, eləcə də çay istehsalçıları xüsusi fəallığı ilə seçilir. Hər il yerli şirkətlər və xüsusən də meyvə-tərəvəz və çay ixracatçıları sərgidə fəal iştirak edirlər. Eksponentlərin peşəkar ziyarətçilərə təqdim etməyə hazırladıqları məhsullar arasında süd, qənnadı məmulatları, baqqaliyyə malları, çay, düyü, inqrediyentlər, içkilər, meyvə-tərəvəz və laboratoriya avadanlıqları və bir sıra digər məhsullar yer alır.
Təşkilatçılar sərginin işi ilə yanaşı, qida məhsulları tədarükçüləri və yerli pərakəndə ticarət şəbəkələrinin nümayəndələri arasında məhsulların ölkənin aparıcı mağazalarında yerləşdirilməsi məsələsinə dair ikitərəfli görüşlərin keçirilməsini planlaşdırırlar. Sərgidə ilk dəfə olaraq "yeniliklər vitrini" təşkil olunacaq. Burada iştirakçılar bazarda təqdim edilməmiş yeni məhsullarını nümayiş etdirəcəklər.

Həmin tarixlərdə Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “IPACK Caspian 2018” sərgisi keçiriləcək. “IPACK Caspian 2018” sərgisinin iştirakçıları arasında həm tara və qablaşdırma, həm də onların istehsalı üçün müxtəlif həll variantlarını təklif edən Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin bir sıra şirkətləri yer alır.

Beləliklə, “WorldFood Azerbaijan 2018” sərgisi yeni müştərilərin tapılması, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün imkan yaradacaq.

VTB