Neft avadanlığı və kaustik soda üzrə birgə müəssisələrin yaradılması nəzərdə keçirilir

30.05.2018 Sənaye
Azərbaycan və Başqırdıstan Azərbaycan ərazisində neft avadanlığı və kaustik soda istehsalı üzrə birgə müəssisələrin yaradılması məsələsini nəzərdən keçirir.

Bu barədə Başqırdıstan Respublikası hökumətinin rəsmi saytında məlumat verilir.

Bu məsələ iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ilə Başqırdıstanın baş nazirinin müavini Fərhad Səmədovun başçılıq etdiyi nümayəndə heyətinin Bakıda görüşü zamanı müzakirə olunub.

"Görüşdə Azərbaycan və Başqırdıstan arasında sənayenin digər sahələrində, xüsusilə əczaçılıq və kimya sənayesi məhsullarının istehsalı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub", - deyə məlumatda bildirilir.

F.Səmədov vurğulayıb ki, Başqırdıstan neft-kimya və əczaçılıq sahələrində güclü istehsal və elmi potensiala malikdir.

Başqırdıstan nümayəndə heyəti energetika naziri Pərviz Şahbazovla da görüşüb.

"Azərbaycan Başqırdıstanda istehsal olunan energetika avadanlığı və neft-kimya sahəsində texnoloji yeniliklərdə maraqlıdır", - deyə məlumatda qeyd olunur.

Başqırdıstan hökumətinin məlumatına görə, 2017-ci ilin yekunları üzrə Azərbaycanla ticarət dövriyyəsinin həcmi təxminən 18 mln. dollar təşkil edib. Başqırdıstan Azərbaycana ağac məmulatları, kimya sənayesi məhsulları, neft-qaz sənayesi üçün avadanlıq, qara metal və ondan hazırlanan məmulatlar, kənd təsərrüfatı məhsulları və ərzaq malları tədarük edir. Azərbaycandan isə bu ölkəyə kənd təsərrüfatı, ərzaq malları və s. idxal olunur.

Başqırdıstan ərazisində kənd təsərrüfatı, mehmanxana biznesi, ictimai iaşə, tikinti və inşaat sahələrində Azərbaycan kapitalına malik 6 müəssisə fəaliyyət göstərir.