Qeyri neft-qaz sektorunda sənaye məhsulu istehsalı artıb

16.08.2019 Sənaye
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-iyul aylarında 27,3 mlrd manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,8% artıb.

"Kommersant.az" xəbər veirr ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda qeyd edilib.

Məlumatda deyilir ki, sənaye məhsulunun 70%-i mədənçıxarma sektorunda, 25,1%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 2,5% azalıb, əmtəəlik qaz hasilatı isə 34% artıb.

Bundan əlavə emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3 dəfə, hazır metal məmulatlarının istehsalı 59,2%, kompüter, elektron və optik məhsulların istehsalı 55,4%, içkilərin istehsalı 52,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 40,9%, mebel istehsalı 33,6%, kimya sənayesi məhsullarının istehsalı 30,4%, kağız və karton istehsalı 28,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı 27,2% artıb.

Maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,4%, tütün məmulatlarının istehsalı 25,1%, qida məhsullarının istehsalı 18,3%, poliqrafiya məhsullarının istehsalı 14,9%, maşın və avadanlıqların istehsalı 13,6%, tikinti materiallarının istehsalı 7,8%, geyim istehsalı 5,6%, neft məhsullarının istehsalı 1,4%, əczaçılıq məhsullarının istehsalı 1,3% artım qeydə alınıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 7,5%, elektrik avadanlıqlarının istehsalı 7,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 11,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 17,6%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 28,3% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4% artıb.