USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Jurnalistlərin cəmiyyətdə nüfuzu artırılır - YENİ BAXIŞ

25.02.2021 Siyasət
0 0
Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov son müsahibəsində mühüm məqamlara toxunub. Ə.İsmayılov “Media haqqında” qanun layihəsi ilə bağlı ilkin məlumatları verdi və müzakirələr başladı.

“Media haqqında” qanun layihəsinin hazırlanması göstərir ki, mediaya baxış, münasibət dəyişir. Hər kəs qəbul edir ki, “Kütləvi informasiya vasitələri haqqında” qanunda boşluq çoxdur, müasir çağırışlara cavab vermir. Doğrudur, müəyyən dövrlərdə dəyişikliklər edilib, amma tam nəticə əldə olunmayıb. Yeni qanun layihəsinin hazırlanması ilə bağlı təkliflər uzun müddət idi ki, var idi, nəhayət indi gerçəkləşir. Bildiyiniz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda müasir çağırışları əhatə edən bütün məqamlara toxunulub. Bu, islahat prosesinin sürətləndirilməsi deməkdir.

“Qanun” deyəndə yalnız məhdudlaşdırma başa düşülməməlidir, burada jurnalistlərin hüquqları məsələsi önə çəkilir. Məhdudlaşdırmaya qalanda Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunlar mövcuddur və müəyyən cəza üsulları əksini tapıb. Qanun heç bir halda söz, fikir və məlumat azadlığını məhdudlaşdıra bilməz. MEDİA-nın icraçı direktoru xüsusi vurğuladı ki, “Kütləvi informasiya haqqında” qanunda jurnalistin statusu ilə bağlı maddə olsa da, jurnalistin kimliyi ilə bağlı maddə yoxdur. Əhməd İsmayılov doğru qeyd edir ki, qanunda “Jurnalist anlayışı” qeyd olunmalıdır. Bu, pərakəndəliyi aradan qaldıracaq. Ən önəmli məqam isə vahid press-kartların hazırlanmasıdır. Bu, hazırda təklif səviyyəsindədir, hələki addım atılmayıb. Yanaşma doğrudur, çünki ayrı-ayrı peşə sahiblərinin, jurnalist olmayan şəxslərin də “jurnalist vəsiqəsi” var. “Hərənin cibində bir jurnalist vəsiqəsi çıxır” ifadəsi boşuna səsləndirilmir. Doğrudan da, elədir. Biz bu halların aradan qaldırılmasına çalışmalıyıq. Jurnalistikaya aidiyyatı olmayan şəxslərin, əlinə telefon alıb hansısa hadisələri çəkənlərin “jurnalist vəsiqə”sindən istifadə etməsi yolverilməzdir.

“Vahid kart” məsələsi ilə bağlı tənqidlər də başadüşüləndir. Çünki əvvəlki illərdə buna oxşar təcrübə həyata keçirilib, amma özünü doğrultmayıb. Doğrultsaydı, bu məsələyə yenidən qayıtmağa da ehtiyac olmazdı. “Vahid kart”ın tətbiq edilməsi jurnalistlərin fəaliyyətlərinin məhdudlaşdırılmasına hesablana bilməz. İnanmıram ki, bu və ya digər addımlar məhdudlaşdırma xarakterli olsun, əksinə mediaya azadlıq verilir, şərait yaradılır, biznes subyektinə çevrilməsinə köməklik göstərilir. Vəsiqə məsələsinə digər tərəfdən də baxmaq lazımdır. Bu, həm də güzəştlərdən yararlanmaq imkanı yaradır. Nümunə Türkiyədə, o cümlədən dünyanın inkişaf etmiş ölkələrində mövcuddur. Türkiyədə media nümayəndələri “basın kartı”nı göstərdikdə müəyyən yerlərdə onlara güzəşt edilir. İctimai nəqliyyat, muzeylər və s.

Ümid edirik ki, bu məsələlər uğurla həyata keçiriləcək. Ən azı hökumətin media siyasəti ortadadır, müsbət mənada dəyişikliklər edilməsinə çalışılır.

İlkin Pirəli

“Pravda.az” xəbər portlalının baş redakoru