USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Referendum keçiriləcək?

15.12.2021 Siyasət
0 0
Ölkədə yeni siyasi konfiqurasiyanın yaradılması üçün referenduma gedilə bilər. Bu yöndə mülahizələr və ehtimallar üzərində fikirlər səslənməkdədir, ayrı-ayrı nəşrlər, media platformaları analizlər təqdim edirlər.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun dekabrın 12-də verdiyi açıqlamadan sonra referendumla bağlı diskussiyalar yenidən başlayıb. Bu barədə Pressklub.az saytı yazır ki, siyasi kuluarlarda gedən müzakirələrə görə 44 günlük müharibədəki zəfərdən reytinqini yüksəldə bilmiş hakimiyyət dünyada və regionda cərəyan edən siyasi kataklizmlərə daha dayanıqlı idarəçilik sisteminə keçid etmək istəyir: “Bu məqsədlə ölkədə referendum keçirilir və icra hakimiyyəti, qanunverici hakimiyyət və yerli özünüidarə orqanları ilə bağlı vacib dəyişikliklər əhalinin seçiminə çıxarılır”.

O da bildirilir ki, referendum müzakirəsində Milli Məclisin tərkibi genişləndirilərək, 201 mandatlı parlament yaradılması, deputat seçkilərinin proporsional və majoritar qaydada (qarışıq sistem) üzrə keçirilməsi, Nazirlər Kabinetinin ləğv edilməsi və onun bütün səlahiyyətlərinin vitse-prezident institutuna həvalə edilməsi nəzərdə tutulur.

O cümlədən yerli icra hakimiyyətlərinin ləğv olunması, onların Prezidentin sərəncamı əsasında yaradılmış 14 iqtisadi zona ilə əvəzlənməsi də mümkündür. Referendumda bələdiyyələrin yerli idarəçilikdə rolunun artırılması və inzibati qurumların səlahiyyətlərinin bir hissəsinin seçkili qurumlara qaytarılması variantı da xalqın müzakirəsinə çıxarıla bilər.

Sayt yazır ki, MSK sədri Məzahir Pənahovun dekabrın 12-də verdiyi açıqlama da gələn il ölkədə referendumun keçiriləcəyi ilə bağlı gözləntiləri artırıb. O, boş qalan deputat yerlərinə seçkilərin keçiriləcəyini deməklə yanaşı, vurğulayıb ki, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır, bu məsələ də öz həllini tapacaq. Maraqlıdır, M.Pənahov “Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır” deyərkən, nəyə işarə vurub? Əlbəttə, söhbət iki ilə yaxındır deputatsız qalan dairələrdən getmir. “Deməli, MSK sədri daha ciddi qərarların anonsunu edib ki, bu da referendum hazırlığından xəbər verə bilər”, - deyə sayt yazır. MSK sədrinin eyham xarakterli açıqlamasının yuxarıda göstərilən məsələlərlə sinxronluq təşkil etdiyini, saytın yazdığı kimi, hakimiyyətin referenduma hazırlaşdığını söyləmək olarmı?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, proporsional seçki sisteminin bərpası haqda mütəmadi təkliflər səsləndiriblər: “Mən Prezident Administrasiyasına islahatlar paketini bir müddət əvvəl təqdim etmişəm. Hesab edirəm ki, proporsional seçki sistemi mütləq mənada bərpa olunmalıdır. Bu illər ərzində həmin sistemin olmaması siyasi partiyalara struktur vahidi olaraq zərər vurdu, sıradan çıxmasına səbəb oldu. Ona görə məsələ gecikir. Eyni zamanda parlamentin say tərkibinin artırılmasına dair təkliflərimiz olub. Konstitusiya qəbul ediləndə əhali sayı 7 milyon idi və cəmi 125 deputat yeri var. Cənubi Qafqazda digər ölkələrin əhalisi sayca bizdən az olsa da, deputat sayı 150-dən az deyil”.

A.Əlizadə MSK sədrinin məlum açıqlamasına diqqət yetirdiyini qeyd etdi: “Həmin boş deputat yerlərinə seçkilər keçirilməsi problemləri həll etməyəcək, köklü islahatlara ehtiyac var. Prezident də bildirmişdi ki, digər sahələrdə olduğu kimi siyasi spektrdə də islahatlara gedilməlidir. Ümid edirəm ki, Pənahovun nəzərdə tutduğu da bunlardır və biz həmin islahatlara dəstək verməyə hazırıq”.

AMİP sədri onu da qeyd etdi ki, icra hakimiyyətləri ləğv olunmalıdır, artıq 14 iqtisadi zona yaradılıb: “İcra strukturları vətəndaşların problemlərinə etinasız yanaşırlar, bu orqanlar məsrəfdir. Ona görə yeni idarəçilik sisteminə keçilməlidir, bələdiyyələrin səlahiyyətləri artırılmalıdır və Türkiyə modelini tətbiq etmək mümkündür. Bütün bunlar isə azad və ədalətli seçkilərin keçirilməsindən keçir”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev ölkədə fundamental siyasi islahatların olmasını istəyir: “Bir müddətdir ki, referenduma gediləcəyi haqda proqnozlar səslənir. Biz də icraedici və qanunverici orqanlarda islahatların olmasını, hakimiyyət qollarının bir-birindən asılı olmamasını istəyirik. Amma reallığa baxmaq lazımdır. İndiki halda hakimiyyətə referendum keçirmək sərf edirmi? Müxalifətin təzyiq imkanları varmı?”

E.Musayevin sözlərinə görə, 5 deputat yerinə seçki olacaq, amma referendum gözləmir: “Ona görə 2025-ci il prezident seçkilərinə qədər referendumu istisna edirəm. Nə qədər ki, vətəndaş cəmiyyəti zəifdir, siyasi partiyalar güclü deyil, hakimiyyət üçün buna getmək zərurəti olmayacaq”.