USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabiq bələdiyyə sədri 9 min manatı qanunsuz olaraq başqa hesaba köçürüb

25.07.2022 Siyasət
0 0
Abşeron Rayon Məhkəməsində vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilən Əbülfət Nuriyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Kommersant.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökm əsasən, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin (CM) 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsindən həmin Məcəllənin 322.1-ci (Özbaşınalıq) maddəsinə tövsif edilib. Daha sonra Əbülfət Nuriyev CM-nin 322.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad olunub və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

İttiaham görə, Əbülfət Nuriyev 26 yanvar 2010-cu il tarixdən 14 yanvar 2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu Mehdiabad qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işləyib. O, həmin vəzifədə işlədiyi müddətdə Abşeron rayonu, Xırdalan qəsəbə bələdiyyəsinin qəsəbədə aparılan abadlıq işləri üçün maddi vəsaitin çatmamasına görə maddi köməklik göstərib.

Belə ki, təqsirləndirilən şəxs Mehdiabad qəsəbə bələdiyyəsinin ümumilikdə 9 min manat pulunu qanunsuz olaraq götürərək Xırdalan qəsəbə bələdiyyəsinin hesabına əvəzsiz köçürüb. Bu barədə Mehdiabad bələdiyyəsinin üzvlərinin isə xəbəri olmayıb.

İstintaq dövründə o, Mehdiabad qəsəbə bələdiyyəsinin büdcəsinə vurduğu ziyanı tam ödəyib.