USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Siyasi partiyalar haqqında" qanun siyasi aktivliyə necə təsir edəcək? - AÇIQLAMA

13.03.2023 Siyasət
22 1
"Yeni "Siyasi partiyalar haqqında" qanunla ola bilsin ki, partiyaların sayı azalsın, amma keyfiyyət göstəriciləri artsın".

Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov "Siyasi partiyalar haqqında" qanun layihəsi barəsində danışarkən deyib.

Deputatın fikrincə, siyasi fəaliyyətini davam etdirib, öz ideyalarını, düşüncələrini, baxışlarını o siyasi partiyalar yaya biləcək ki, onların cəmiyyətdə müəyyən nüfuzu var, arxalarında müəyyən toplum dayanır və siyasi bazaya malikdir.

Elman Nəsirov bildirib ki, "Siyasi partiyalar haqqında" yeni qanunun çox böyük siyasi mənası və əhəmiyyəti var:

“Köhnə qanunun qəbulundan 30 il keçib və faktiki olaraq artıq zamanın tələblərinə adekvat deyildi. Yeni qanunun qəbul edilməsi partiyaların cəmiyyətdə yerinin və rolunun daha da güclənməsi, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakın al təmsil edilməsi, partiyaların siyasi proseslərə təsiri imkanlarının genişlənməsi və partiyalararası dioloq mühitinin inkişaf etdirilməsi, xüsusi ilə də partiyaların keyfiyyət parametrlərinin inkişafı istiqamətində həlledici imkanlar yaradılmış olur”.

Deputat düşünür ki, yeni qanun əslində partiyalarıın kəmiyyət deyil, keyfiyyət göstəricilərinə görə cəmiyyətdə nüfuzunun müəyyən edilməsinə unikal imkanlar pəncərəsi açmış olur:

"Ölkəmizdə xeyli partiya var idi ki, əslində onların üzvləri demək olar qohum-əqrəbadan ibarət idi. Bir möhürləri var idi, özlərinin mövcudluğunu yalnız sənəd üzərində təsdiqləyə bilirdilər. Reallıqda isə onların cəmiyyətin ictimai-siyasi həyatında heç bir prosesə təsiri yox idi”.

Elman Nəsirov hesab edir ki, yeni qanunun qəbul edilməsilə partiyaların qeydiyyatdan keçməsi, 5000 üzvün tələb olunması ilə Azərbaycan siyasi mühitində o partiyalar qalacaq, bundan sonra inkişafını təmin edəcək ki, konkret sosial bazası, ölkədaxili proseslərə təsir imkanları var:

"Bu imkanlara malik olmayanlar isə ya özləri özlərini buraxılmış elan edəcək, ya da ayrı-ayrı siyasi partiyalarla birləşib, bu yolla fəaliyyətlərini yeni keyfiyyətli davam etdirəcək”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə hesab edir ki, qəbul olunan yeni qanun layihəsində qoyulan şərtlər xeyli ağırdır:

“Bir sıra siyasi partiyalar bu şərtləri yerinə yetirmək imkanına malik deyil. Proses aktivliyə təsir edəcək. Bağlanması və ya ləğv edilməsi nəzərdə tutulan bəzi kiçik partiyalar var ki, onlar da siyasi fəaliyyətlə məşğul idilər. Həmin şəxslər ya gedib başqa partiyaya qoşulmalıdırlar, ya da belə deyək ki, kənara çəkilib, müstəqil siyasətçi kimi fəaliyyət göstərməlidirlər. Bu da çox çətin məsələdir. Hesab edirəm ki, bütün hallarda, bu siyasi aktivliyə mənfi təsir göstərəcək. Aktiv siyasətlə məşğul olanların sayı azalacaq".