USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cibimizi zorlamayın, "arkadaşlar"!... - KÖŞƏ

31.07.2018 İqtisadiyyat
0 0
Ötən gecə Tarif Şurası yenə "yapdı yapacağını".

"Kommersant.az"ın köşəsindəsiniz. Mötəbər qurum yenə qaldırdı... qiymətləri yuxarı, insanları ayağa, səs-küy, toz-duman...

"Niyə məhz gecə?" sualı isə o qədər köhnəlib ki, heç cavab da tələb etmir və bir az satirik, bir az ironik - əslində isə artıq ritorik səslənir...

Mətləbdən uzaqlaşmadan başlığa kiçik bir arayış verim: Türkiyə türkcəsində sıx-sıx istifadə olunan "zorlanma", "zorlama" ifadələri Azərbaycan türkcəsində "çətinlik çəkmək", "qurdalama" anlamlarını daşıyır. Sözümün canı yanmasın.

Qeyd-şərtsiz, sorğusuz-sualsız qəbul olunana mötəbər qərara görə, 1 avqust tarixindən etibarən metro və avtobuslarda gediş haqqı 50% bahalaşacaq. Xub.

Sanki hər bir azərbaycanlının keçmiş günahları ictimai nəqliyyatda qiymətlərin bahalaşması cildində qarşısına çıxmışdı. "Nə pis yuxu görürük!", - demişdik ki... bir zamanların aparıcı, indi isə əsasən ötürücü funksiyanı icra edən xəbər agentliklərindən birində "Dünya ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyatın qiyməti aşağı səviyyədədir" başlıqlı bir yazı materialı peyda oldu. O yazının əsl müəllifinə verilməli olan sual sadədir və bu dəfə də cavab tələb etmir – Bəs həmin dünya ölkələri ilə müqayisədə Azərbaycan ictimaiyyətinin maddi-rifah halı hansı səviyyədədir?...

Məsələn, Almaniyada atmosferə atılan zərərli qazların həcmini azaltmaq üçün müəyyən olunmuş istiqamətlərə hərəkət edən ictimai nəqliyyat pulsuzdur; qardaş Türkiyədə şəhid ailələri, qazilər, qazi yaxınları, əlillər və dövlət idmançıları ictimai nəqliyyatdan pulsuz istifadə edir və s., və i..

Nə qədər qəribə səslənsə də məntiqi ardıcıllığı sıralamalı olsaq: hesabat diliylə cari ayın əvvəlində taksi xidmətlərinin qiyməti bahalaşdı; ardınca, "hər yerindən duran SV-yə bilet alır deyə qatar qiymətlərini qaldırdıq" sözləri qulaqlarımızda soyuq sillə kimi partladı... dünən gecə də, avqustun 1-dən etibarən cibimizdə yeni yaranacaq darısqallığa rəsmi səbəb uyduruldu: metro və avtobuslarda gediş haqqı qaldırıldı və...

...bir əhvalat yadıma düşdü. Günlərin bir günü, işdən evə tələsirdim. Metroya endim. Kimsə, qulağıma aşina olmayan sözlərlə dava edirdi. "İzləyici"lərdən öyrəndim ki, bir nəfər bizimki türkiyəlinin cibinə girib. Gözünə döndüyüm Türk qardaşım da əsəbiləşib. Platformadan qatara minəndə qardaş ölkənin qonaq nümayəndəsi cibindəki artıq əlin sahibinə bağırırdı: "cebimi zorlama, arkadaş, param yok, zorlama cebimi, zorlamaa"...

Dünən məlum xəbərdən sonra, mən də cibimdə fövqəladə darısqallıq hiss etdim... sanki qeyri bir əl cibimə, ələxüsus da gecə-gecə istəyim xaricində müdaxilə etməkdəydi... gözümü naməlum yüksəkliyə dikib türkiyəli bəradərim kimi ümidsiz-ümidsiz deyindim - "cibimizi zorlamayın, "arkadaşlar"!"...