USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“1700 bələdiyyə Azərbaycan üçün çoxdur” - DEPUTAT

12.02.2019 İqtisadiyyat
0 0
Deputatlar parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə dair hesabatı müzakirə ediblər.

"Kommersant.az" xəbər verir ki, müzakirələrdə çıxış edən deputat Əli Məsimli qeyd edib ki, bələdiyyələr 20 ildir yaransalar da, görürük ki, onlar ayaqüstə dayana bilmirlər: "Bələdiyyələr torpaq mövzusundan yerli problemlərin həllinə yönələ bilsələr, yaxşı olar. Ancaq bu sərbəstliyi onlara vermək lazımdır. Azərbaycanda 1700 bələdiyyə var. Bu say belə Azərbaycan üçün çoxdur".

Deputat Siyavuş Novruzov deyib ki, bəzi bələdiyyələr çox səlahiyyət istəyir, bəziləri isə olan səlahiyyəti yerinə yetirmir: "Ona görə bələdiyyələrin özündə idarə olunma ilə bağlı baxış dəyişməlidir. Elə bələdiyyə var ki onlara milyonlarla subsidiya verilib. Ancaq heç elektron kitabxana açmayıblar. Bələdiyyə meşələrinin, bağlarının salınması həyata keçirə bildirərdilər. Elə etmək lazımdır ki, xırda-xırda gəlsin, amma daimi gəlir gəlsin. Eləsi də var ki, deyir ki, növbəti dəfə seçilməyəcəm, ona görə də baxışını dəyişmir".

Deputat Qüdrət Həsənquliyev deyib ki, son vaxtlar "söyüş müxalifəti" ölkədə siyasi islamın legitimləşdirilməsinə cəhd edir: "Hesab edirəm ki, bələdiyyə üzvləri insanlara yerlərdə daha yaxın olduğu üçün bu məsələni qarşısının alınmasına, beyinlərin zəhərlənməsinə yol verilməməsinə töhfə verməlidirlər".

***

Millət vəkili Qənirə Paşayeva isə çıxışında deyib ki, bələdiyyələrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları verilib: "Ancaq onlar bundan istifadə edə bilmirlər. Bəziləri bu fəaliyyətdən yararlansa da, nəticə etibarı ilə bələdiyyələrin büdcəsində özünü göstərmir. Ona görə Ədliyyə Nazirliyinin keçirdiyi treninqlərdə bələdiyyə sədrləri daha çox bu istiqamətdə məlumatlandırılmalıdırlar". O, həmçinin qeyd edib ki, bələdiyyə sədrləri, bələdiyyə üzvləri sosial şəbəkələrdə, "Facebook"da aktiv fəaliyyət göstərməlidirlər: "Qardaş Türkiyədə hər bir bələdiyyənin, bələdiyyə sədrinin, bələdiyyə üzvlərinin sosial şəbəkələrdə hesabları, "Facebook" səhifələri var. Bu da əlavə vəsait tələb etmir ki?! Ona görə bizim bələdiyyələr bu məsələdə fəallıqlarını artırmalıdırlar".

Millət vəkili Fazil Mustafa isə bələdiyyələrin çoxunun fəaliyyətinin yoxluğundan şikayətlənib: "Onların fəaliyyətindən gəlib, Almaniya telekanalları çəkib göstərəsi deyil ki? Deməli, onların fəaliyyəti yoxdur. Fəaliyyətləri yoxdur ki, onları çəkib göstərmirlər, təbliğ etmirlər". O, eyni zamanda, bələdiyyə üzvlərinin məhkəmələrdə süründürülməsinin düzgün olmadığını deyib: "Onların məhkəmə dəhlizlərində süründürülməsi elə onları işdən ayırmaq deməkdir. Onlara irəli sürülən ittihamlarda da deyilir ki, guya onlar təkbaşına qərar qəbul edirlər. Guya, kim təkbaşına qərar qəbul etmir ki?".