“Azərbaycanda orta əmək haqqı hətta Ermənistandan azdır” - Deputat

31.05.2019 İqtisadiyyat
Deputat Fazil Mustafa Milli Məclisin iclasında deyib ki, büdcənin gəlirləri artsa da, büdcə gəlirlərinin 28 milyard dollar olduğu 2014-cü illə müqayisədə azdır:

“Azərbaycanda orta əmək haqqı Estoniyadan, hətta Ermənistandan azdır. Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154 pensiyaçı düşür. Əmək pensiyalarının məbləği Rusiyadan 2 dəfə azdır”-deyə F.Mustafa bildirib.

O, qaz limitinin artırılmasını isə təqdir edib: “Elektrik enerjisi ilə bağlı da əhali üçün limit aradan qaldırılmalıdır. Azərbaycanda turizm sektorunda da geriləmə var, 13 faiz azalma qeydə alınıb. Gürcüstan Azərbaycanla müqayisədə turizmdən 600 milyon dollar çox gəlir götürüb. AZAL-ın Azərbaycanda bu sahəyə vurduğu zərər əvəzolunmazdır”.

Deputat Azərbaycanda rus dili təhsilinə 100 milyon manat civarında vəsait ayrıldığını xatırladıb: “Niyə biz xarici ölkənin dilinin öyrənilməsi üçün büdcədən vəsait ayırmalıyıq? Mən xarici dillərin öyrənilməsinin tərəfdarıyam. Amma biz bunu niyə büdcə vəsaitləri hesabına təmin etməliyik? İngilis və digər xarici dillərlə bağlı olduğu kimi, rus dili ilə bağlı da özəl təhsil müəssisələri bu işi görə bilər”.

Azpolitika