Avtovağzal kassaları sərnişinləri belə aldadır - VİDEO

04.08.2018 İqtisadiyyat
Xəbər verdiyimiz kimi Dövlət Avtomobil Nəzarəti Xidməti (DANX) 31 iyulda şəhərlərarası müntəzəm avtobus marşrutlarının yeni tariflərini açıqlayıb.

Tariflərdə Tovuza gediş haqqı 10 man. 20 qəp., Qazaxa 10 man.90 qəp., Ağstafaya isə 10 man.60 qəp. göstərilsə də, adı çəkilən istiqamətlər üzrə gediş haqlarının 11 man.90 qəp.olduğunu öyrəndik.

"Kommersant.az" xəbər verir ki, məsələni aydınlaşırmaq üçün avtovağzalın məlumat mərkəzi ilə əlaqə saxladıq.

Bakı Beynəlxalq Avtovağzalının məlumat bürosu qiymətlərin həqiqətən də 11 man. 90 qəp olduğunu təsdiqlədi. Avtovağzal rəsmisinin sözlərinə görə, qeyd olunan istiqamətlər üzrə yalnız Qırmızı Körpü avtobusu hərəkətdə olduğu üçün qiymətlər yüksək hesablanır. Bundan başqa 1, yaxud 3 gün öncə bilet əldə etmək istəyənlər isə 20 qəp. əlavə rüsum ödəməlidir.

Məsələyə aydınlıq gətirmək üçün DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ilə əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, cədvəldəki qiymətlər tərəfimizdən hesablanan yuxarı hədd idi:

"O cədvəli mən paylamışam. Cədvəl imzalı sənəd deyil. Daşıyıcı cədvəldə göstərilən qiymətlərin aşağı həddində pul ala bilər, onun üzərində isə gediş haqqı tələb oluna bilməz. Kassada deyilən qiymətdən artıq pul alınsa, həmin əməkdaşın adını və soyadını yerindəcə deyin onun haqqında tədbir görək. Məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız Bakı Beynəlxalq Avtovağzalına göndərilib. Deyilənlər sübutunu tapsa, həmin şəxs ciddi şəkildə cəzalandırılacaq".