Restoran sahibi: Nə toy edən var, nə də iftar süfrəsi açan...

22.05.2018 Sosial
Ramazan ayının 6-cı gününü yaşayırıq. Bu ayı dəvətnamədən, əlavə xərcdən çəkinən insanlar üçün şükran ayı da hesab etmək olar. Çünki adətən Ramazanda toylar ya az olur, ya da ümumiyyətlə olmur.

Ramazan ayında restoranlarda vəziyyət necədir? Toy sifarişləri olurmu? Bəs iftar süfrəsi üçün sifarişlər necə?

“Yeganə” şadlıq sarayının mühasib köməkçisi Arzu Abbasova bildirib ki, Ramazanda restoranda toy və ya hansısa tədbir olmur:

“Ümumiyyətlə restoranımızda Ramazan ayında heç bir sifariş olmur. Bu baxımdan deyə bilərəm ki, işlər də zəif gedir. Digər tərəfdən, iftar süfrəsi ilə bağlı da hər hansı təkliflərimiz və sifarişlər də yoxdur”.

“Xəmsə” şadlıq sarayının icraçı direktoru Bəxtiyar Fətullayev deyib ki, hazırda toy sifarişləri yoxdur:

“Əvvəllər Ramazan ayında iftar süfrəsinin vaxtı saat 6-7 arasına düşən ərəfələrdə sifarişlər olurdu. Lakin indi iftar vaxtı gec olduğu üçün sifarişlər də yoxdur. Ümumiyyətlə isə arada iftar süfrələri olur. Bu süfrə seçim menyusundan ibarətdir. Yəni müştəri nə istəyirsə, onu da hazırlayırıq. İftar süfrəsi üçün toylardakı kimi menyular olmur. Ramazan ayı ilə əlaqəli işlər əvvəlkinə nisbətən zəifləyir”.

“Monte Kristo” şadlıq evinin meneceri İqbal Aydınoğlu da bildirib ki,Ramazan ayında toy sifarişləri yoxdur:

“Lakin Ramazana qədər may ayı çərçivəsində bir neçə tədbirimiz baş tutdu. Orucluqda isə ancaq iftar süfrələri ilə bağlı müraciətlər var. Tutaq ki, mayın 18-də təqribən 100 nəfərlik iftar məclisimiz reallaşdı. İftar süfrəsində nələrin olması müştərinin seçimindən asılıdır. Təbii ki, qiymətlər də fərqli olur. Məsələn, toy menyusunda son hədd var və ondan aşağı endirim edə bilmirik, bu, ərzaq məhsullarının hesablamasından asılıdır. Lakin iftar süfrəsində müştərinin istəyinə əsasən menyu tərtib edirik. O cümlədən qeyd etməliyəm ki, Ramazanla bağlı güzəştlərimiz də mövcuddur. Biz iftar süfrəsində bir sıra şeyləri, məsələn, su, xurma, sup kimi qidaları kim olur olsun pulsuz veririk”.

“Gilavar” şadlıq sarayının administratoru Rufan Qasımov:

“Orucluqda təbii ki, toy sifarişləri olmur. Sadəcə olaraq növbəti aylar üçün, yəni Ramazan sonrası üçün sifarişlər qəbul edirik. İftar süfrəsi ilə əlaqəli isə deyə bilərəm ki, şadlıq saraylarında bu cür sifarişlər adətən olmur. Belə hallar çox nadir ola bilər. Nəticə olaraq isə Ramazanda işlərimizdə müəyyən qədər durğunluq yaranır”.

“Mega Palace” restoranının idarəçisi Vüsal Şirinov:

“Aydındır ki, Ramazan ayında toy sifarişləri ola bilməz. Digər restoranlarda olduğu kimi, bizdə də vəziyyət eynidir. O cümlədən iftar süfrələri üçün müraciətlər yoxdur. Çünki “Mega Palace” gündəlik işləyən obyekt deyil, yalnız toydan-toya çalışırıq. Ümumiyyətlə isə şükür, Ramazan ayından sonra üçün sifarişlərimiz var və işlərimiz yaxşı olacaq”.