Azərbaycanda ilk dəfə rels daşıyan portal-platforma istehsal olunub

25.05.2018 Sosial
“Azərbaycan Dəmir Yolları" QSC-nin 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazasında rels daşıyan bir ədəd portal-platformanın təqdimat mərasimi keçirilib.

"Kommersant.Az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "bildirib ki, tədbirdə “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov iştirak edib. O, həmçinin yeni alınmış, əvvəlkilərdən fərqli olaraq daha üstün imkanlara malik olan rels deşən, eləcə də şurup bərkidən cihazlara da baxış keçirib.

Qeyd edək ki, dəmir yollarının təmiri zamanı rels manqalarının daşınması unifikasiya olunmuş, çıxarıla bilən avadanlıqlarla təchiz edilmiş portal vaqonlarından istifadə edilir. İndiyə kimi ölkəmizin dəmir yollarında istismar olunan portallar Rusiya Federasiyasının zavodlarında istehsal olunub.

"Son zamanlar isə dəmir yollarının təmirindəki aktivlik portal vaqonuna olan tələbatı daha da artırıb. Belə ki, respublikada fəaliyyət göstərən zavodların imkanları araşdırılıb. Yük daşımaları Departamentinin vaqon xidmətinin sifarişi əsasında portal hazırlanması Sumqayıt Texnologiyalar Parkında (STP) layihələndirilib və hazırlanıb. Şimal vaqon deposunda əsaslı təmir edilmiş platforma vaqonunun üzərinə depoda diyircəkli tranporter yığıldıqdan sonra STP-də portal vaqonun üzərinə quraşdırılıb", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, portalın hazırlanmasına 10 aprel 2018-ci ildə Sumqayıt Texnologiyalar Parkında başlanılıb, nümunə 08 may 2018-ci ildə hazır olub.

Portalın hazırlanması daxili imkanlar hesabına başa gəlib.