USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda aqrar sahədə ali təhsil alanlara dövlətdən dəstək

09.07.2019 Sosial
0 0
“Azərbaycanda aqrar sahə üzrə mütəxəssis hazırlığı prosesinin stimullaşdırılması bu il də davam etdiriləcək”.

"Kommersant.az" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

Onun sözlərinə görə, 2019/2020 tədris ilində də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) kənd təsərrüfatı yönümlü ixtisasları seçən abituriyentlərə əlavə təqaüdlər veriləcək: “Qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq ADAU-ya daxil olan abituriyentlərə 100 manat, 500 və daha çox bal toplayanlara isə 200 manat əlavə təqaüd veriləcək. Eyni zamanda ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 70 manat, imtahan sessiayaları zamanı 6 fənndən maksimum nəticə göstərmiş tələbələrə isə 100 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur”.

V. Hüseynov əlavə edib ki, aqrar sahənin bilikli, bacarıqlı kadrlarla təmin edilməsi ADAU-nın qarşısında duran əsas vəzifədir: “Stimullaşdırma tədbirləri, ölkədə kənd təsərrüfatının sürətli inkişafı abituriyentlərin aqraryönümlü fakultələrə marağını daha da artırır. Ölkədə aqrar sahənin mütəxəssislərinə ehtiyac çoxdur. Əmək bazarında mövcud tələbləri dəyərləndirən abituriyentlər aqronomluq, baytarlıq və digər kənd təsərrüfatıyönümlü ixtisasları seçərək gələcək karyera həyatını indidən təmin etmiş olurlar. Qəbul imtahanlarında 500 və daha yüksək bal toplamış abituriyent ADAU-nun kənd təsərrüfatı ixtisaslarını seçərsə, ayda təxminən 350 manata yaxın təqaüd almış olur. Universitetin 4 ulduz təsnifatına uyğun, hər cür şəraitə malik yataqxanasında qalacaq, ayda 350 manata yaxın təqaüd alacaq tələbə həm yüksək ali təhsil almış olur, həm ailə büdcəsinə qənaət edir, həm də əmək bazarında böyük tələbat olan, yüksək maaşlı işlə təmin olunmağa qarantiya verən ixtisasa yiyələnir”.

Nazirlik rəsmisi bildirib ki, ADAU-nun kənd təsərrüfatı ixtisaslarını seçmiş tələbələr təhsil dövründə digər stimullaşdırıcı imkanlardan, mübadilə proqramlarından yararlanmaq imkanına sahibdirlər.