AQTA əhaliyə səsləndi

13.08.2019 Sosial
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə növbəti dəfə müraciət edib.

AQTA-dan "Kommersant.az"a verilən məlumata görə, Qurban bayramında respublika üzrə 44 stasionar və 30 çadır tipli heyvan kəsimi məntəqəsi fəaliyyətini tam gücü ilə davam etdirir.

Agentlik əhalini qurbanlıq heyvanlarını baytarlıq-sanitariya, sanitar-gigiyena tələblərinə cavab verən yerlərdə kəsdirməyə çağırıb.

Qeyd edək ki, Agentlik Qurban bayramında insanların təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi, küçə və yol kənarlarının, parkların və ictimai yerlərin təmizliyinin qorunması üçün heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməsinə və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınmasına yol verilməməsi ilə bağlı avqustun 10-da müraciət ünvanlayıb. Müraciətdə qurbanlıq heyvanların kəsimdən əvvəl və sonra mütləq müvafiq baytarlıq müayinəsindən keçirilməli olduğu vurğulanıb. Bunun heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərt olduğu qeyd olunub.