USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Metro gücləndirilmiş rejimə keçir

13.08.2019 Sosial
0 0
Bu gün UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək "Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) qarşılaşması ilə əlaqədar "Bakı Metropoliteni" bütün lazımi tədbirləri görüb.

"Kommersant.az" xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, oyun sonrası azarkeşlərin ünvana rahat və təhlükəsiz çatdırılması, yarana biləcək sərnişin sıxlığının aradan qaldırılması üçün metro stansiyalarında hazırlıq tədbirləri başa çatdırılıb:

"Xüsusən "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarında işçi qüvvəsinin sayı artırılıb, stansiyalara nəzarət gücləndirilib. Oyun saat 22 radələrində yekunlaşdığı üçün stansiyaların saat 00:00-dan sonra işləməsinə ehtiyac yoxdur. Yəni stansiyalar vaxtında bağlanacaq. Amma buna baxmayaraq, sərnişin sıxlığının qarşısını almaq üçün əlavə qatarlar hazır vəziyyətə gətirilib. Ümid edirik ki, həmişə olduğu kimi, bu dəfə də əlavə qatarlara və intervalın azaldılmasına ehtiyac olmayacaq. Yəni bu saatlarda başlanan oyunlar zamanı heç vaxt əlavə qatarlara ehtiyac olmayıb. Amma zərurət yaranarsa, əlavə qatarlar xəttə buraxıla və qatarlar arasındakı interval azaldıla bilər".

Xatırladaq ki, bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ölkəmizi təmsil edən "Qarabağ” futbol klubu Kiprin APOEL klubu ilə cavab görüşü keçirəcək.

Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, ötən həftə Nikosiyada keçirilmiş ilk qarşılaşmada "Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.