Nazirlər Kabinetindən tikinti ilə bağlı - YENİ QƏRAR

25.12.2019 Sosial
Tikinti layihələrinin memarlıq həllərində müvafiq əraziyə uyğun üsluba riayət olunmasına nəzarət ediləcək.

"Kommersant.az" xəbər verir ki, Nazirlər Kabineti “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 5 nömrəli və “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” qərar verib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin 493 nömrəli Qərarı Prezidentin yeni tikilən binaların tikildiyi ərazinin memarlıq üslubuna uyğunluğunu təmin etmək barədə tapşırığının icrası ilə bağlı dəyişiklikləri nəzərdə tutur.

2018-ci ildə Prezidentin müvafiq Fərmanı ilə tikintisinə icazə tələb olunan binaların layihələri hazırlanarkən onların memarlıq üslubunun, tikintinin yerləşdiyi ərazinin ümumi memarlıq mənzərəsinə uyğunlaşdırılması mexanizmlərinin işlənilib hazırlanması tapşırılıb .

Yəni, tikilən hər bir bina yerləşdiyi ərazinin (məhəllə, küçə, rayon və s.) ümumi mənzərəsi ilə uzlaşmalı və onun tərkib hissəsi olmalıdır.

Nazirlər Kabinetinin 493 nömrəli Qərarı ilə edilmiş dəyişikliklərə əsasən hər hansı bir müfəssəl plan (məhəllə, qəsəbə və s. yaşayış məntəqəsinin və ya onların bir hissəsinə dair şəhərsalma tələblərini özündə əks etdirən plan) hazırlanan zaman planlaşdırılan ərazinin 3D formatında vizual görünüşünün hazırlanması tələb olunacaq.

Ərazinin 3D formatında hazırlanan vizual görünüşündə aşağıdakılar nəzərə alınmalıdır:

- binaların fasadlarının tərtibatında müasir memarlıq üslublarının tətbiqi;

- binaların memarlıq həllərində milli memarlığa xas olan irsin və şərq memarlıq üslubunun müasir formada tətbiqi;

- eləcə də, binaların xarici görünüşünün müvafiq ərazi ilə uzlaşdırılması.

Əgər müfəssəl plan yoxdursa, tikinti layihələri şəhərsalma əsaslandırılması layihələrinə (sırf tikinti obyektinin yerləşdirilməsi üçün hazırlanan planlaşdırma sənədinə) uyğun işlənilməlidir. Odur ki, yuxarıda sadalanan tələblər şəhərsalma əsaslandırılması layihələrinə də şamil edilir.

Şəhərsalma əsaslandırılması hazırlanan zaman binanın memarlıq üslubunun müəyyən edilməsi ilə bağlı sifarişçi (sahibkar, fiziki və ya hüquqi şəxs) tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ilə müraciət oluna bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.

Tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində müvafiq ərazinin memarlıq üslubuna riayət edilmədikdə, şəhərsalma əsaslandırılmasını təsdiq edən orqan tərəfindən sifarişçiyə işçi qaydada uyğunsuzluqların aradan qaldırılması üçün zəruri tövsiyələr veriləcək.

Həmin tövsiyələrə əsasən şəhərsalma əsaslandırılması layihəsi üzrə işlənilmiş memarlıq üslubunu razılaşdırmaq mümkün olmadıqda, layihə üzrə hazırlanması nəzərdə tutulan küçə daxili və məhəllədaxili yolların açılışı cizgiləri sifarişçinin ərizəsi əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ödənişsiz qaydada tərtib ediləcək.

Apa

  • Əvvəlki

    «AGBank» «Microsoft»un audit yoxlamasından uğurla keçib

Digər xəbərlər