Gömrüyün büdcə planı 725 milyon manat artırılır

Bu, "2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
2018-ci ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə proqnoza qarşı daxilolmalar 36,9%, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5% çox, o, cümlədən əlavə dəyər vergisi üzrə daxilolmalar müvafiq olaraq 34,8% və 38,2%, gömrük rüsumları üzrə daxilolmalar isə 60,1% və 25,9% çox icra olunub. Eyni zamanda, cari ilin yanvar-aprel aylarında ölkə üzrə idxalın həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,9% çox olub. Qeyd olunan artımlar Dövlət Gömrük Komitəsi üzrə dövlət büdcəsinə daxilolmaların yenidən hesablanmasını zəruri edib.
Dövlət Gömrük Komitəsinin xətti ilə gəlir növləri üzrə artım aşağıdakı kimi proqnozlaşdırılır:
Əlavə dəyər vergisi üzrə 2 mlrd. 213 mln. manat daxilolma nəzərdə tutulub ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 508 mln. manat və ya 29,8% çoxdur.
Gömrük rüsumları üzrə 740 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 205 mln. manat və ya 38,3% çoxdur.
Yol vergisi üzrə 30 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 12 mln. manat və ya 66,7% çoxdur.
Büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 2018-ci ilin təsdiq edilmiş proqnoza qarşı 35 mln. manat artım nəzərdə tutulur ki, bunun da 10 mln. manatı Müdafiə Nazirliyinin payına, 25 mln. manatı isə Dövlət Gömrük Komitəsinin payına düşür.
APA
Digər xəbərlər
