Çimərliklərdə bu qaydalara mütləq əməl edilməlidir! - AÇIQLAMA

10.06.2021 Sosial
“Çimərliyi işlədən şəxslər hər il mövsüm başlamamışdan qabaq suyun dibinin yoxlanılması, təmizlənməsini təşkil etməli və digər təhlükə risklərinin olmamasına əmin olmalıdır”.

Bunu açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bu gündən etibarən fəaliyyətinə icazə verilən çimərliklərdən danışarkən deyib.

Müsahibimiz bildirib ki, çimərliklərdə təhlükəsizlik tədbirləri öncədən görülməli, qadağanedici nişanlar, məlumatlandırma lövhələri, xilasedicilər, nəzarət məntəqəsi, tibbi yardım və nəzarətçilər olmalıdır:

“İnsanlar çimərliyə gedərkən birinci növbədə hava şəraitini nəzərə almalıdırlar. Demək olar ki, boğulma hadisələrinin çoxu havanın küləkli olduğu vaxta təsadüf edir. Daha sonra çimərlik seçimində diqqətli olmalıdırlar. Natəmiz və nəzarətsiz olan çimərliklərə getməmək lazımdır. Adətən insanlar eyni çimərliyə üz tuturlar. Getdikləri yerdə suyun hansı səviyyədən dərinləşdiyini, dibində daş kəsəyin olub-olmamasını bilirlər. Ancaq nəzərə almaq lazımdır ki, hava küləklidirsə, dənizdə dalğa olarsa, dünənlə bu gün arasında fərq olacaq. Yəni suyun dibi fiziki olaraq dəyişə bilər. Yarğanlar , su axınları əmələ gələr bilər. Bu da həmin insanlar üçün gözlənilməzdir və xoşagəlməz hadisə ilə nəticələnməsi mümkündür. Ona görə küləkli havadan sonra çimərliyə gedənlər dünənki hava şəraitini nəzərə almalıdırlar”.

Ekspert günvurma və boğulma təhlükəsindən qorunmaq üçün də əsas məqamlara diqqət çəkib:

"Çimərlik varsa, orda lazım olan bütün təhlükəsizlik tədbirləri görülüb daha sonra insanların ixtiyarına buraxılmalıdır. Çimərliyə kiçik həcmli gəmi, matorlu qayıq və s. kimi vasitələr gətirmək yolverilməzdir. Xəbərdaredici nişanların tələbini pozmaq qadağandır. Suda kobud hərəkətlər etmək, oyunlar təşkil etmək, qayaların və digər konstruksiyaların üstünə çıxaraq suya tullanmaq, sahili zibilləmək olmaz. Digər insanların istirahətinə mane olacaq hərəkətlərə yol verməmək lazımdır”.

Ekspertin fikrincə, çimərliyə günün qızmar vaxtında - 12:00-16-00 saatlarında və günün qaranlıq vaxtı dənizə girmək məsləhət deyil:

“Həmçinin əlverişsiz havada, yəni, dumanlı, yağışlı, küləkli havada dənizə girmək çox təhlükəli ola bilər. Xilasetmə xidmətinin xilasediciləri olmayan yerlərdə çimmək üçün icazə verilən yerdən uzağa getməmək üçün qadağanedici nişanlar yoxdur, sahili natəmizdir və daş , çınqıl kəsəkləri, şüşə qırıqları ilə doludur, bu səbəbdən ora getməmək lazımdır. Çimərlikdə alkoqol içkilər qəbul etmək yanlışdır və bu birbaşa insan həyatı üçün təhlükəlidir. Həm spirtli içki qəbul edən şəxsi günvurma halları daha tez olur, həm də suda boğulma riski artır”.

Sfera.az