USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ASA baş verən yanğın hadisələri ilə bağlı vətəndaşlara müraciət etdi

28.07.2021 Sosial
0 0
Azərbaycan Sığortaçılar Assosiasiyası son vaxtlar ölkənin müxtəlif ərazilərində qeydə alınan silsilə yanğın hadisələri ilə əlaqədar vətəndaşlara və sahibkarlara müraciət edib.

ASA-dan verilən məlumata görə, müraciətdə qeyd olunur ki, baş verən yanğın hadisələri nəticəsində zərərçəkənlərin daşınmaz əmlak sığortasının olmadığı müəyyən edilib. ASA-nın İcraçı direktoru Elmar Mirsalayev müraciət açıqlamasında bildirib ki, Daşınmaz əmlak sığortası icbaridir, qanunvericiliklə tənzimlənir və hər bir vətəndaş və sahibkar üçün məcburidir:

“Daşınmaz əmlakın icbari sığortası 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və bu sığorta növü bütün daşınmaz əmlak sahibləri üçün məcburidir. Əmlakını icbari qaydada sığortalamayanlara qarşı İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərin 30 manat, vəzifəli şəxslərin 80 manat, hüquqi şəxslərin isə 200 manat məbləğində cərimə edilməsi nəzərdə tutulub. Doğrudur, hazırda konkret bir cərimə mexanizmi tətbiq edilmir, lakin bu ona əsas vermir ki, heç kəs əmlakını sığortalamamalıdır. Bu sığorta növü əmlak sahiblərinin özü üçün lazımlıdır, ona görə də cərimə qorxusu ilə yox, könüllü olaraq bu növə müraciət edilməlidir”.

İcraçı direktorun sözlərinə görə, sığorta bazarı ilə bağlı açıqlanan son icmal göstəricilərində Daşınmaz əmlakın icbari sığortası növü üzrə yığımlarda artım qeydə alınıb:

“Yanvar-iyun ayları ərzində yerli sığorta bazarı iştirakçıları Daşınmaz əmlakın icbari sığortası növü üzrə 32 milyon manat yığım təmin ediblər ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6.3 milyon manat çoxdur. Artım dinamikası təmin olunsa da bu rəqəm bizim üçün hələ ki, qaneedici deyil. Müvafiq növ üzrə penetrasiyanın yüksəldilməsi ilə bağlı işləri davam etdiririk. Son günlər qeydə alınan silsilə yanğın hadisələri də bir daha sübut etdi ki, bu sığorta növü icbari olduğu qədər, həm də vacibdir. Hesab edirəm ki, apardığımız intensiv maarifləndirmə və təbliğat işləri ilə müvafiq növün əhatəliliyini bir qədər də genişləndirə biləcəyik”.