Ölkədən getmək istəyənlərin sayı artıb - RƏQƏMLƏR

14.08.2018 Sosial
ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl ildə 1 dəfə keçirilən "Qrin Kart" (Green Card) pulsuz lotoreya proqramından imtina təklifi ilə çıxış edib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Tramp administrasiyası yeni qanun layihəsi hazırlayıb. Layihəyə əsasən, lotoreya vasitəsilə ABŞ vətəndaşlığının verilməsi ləğv ediləcək və yalnız maliyyə imkanları yüksək olan şəxslər bu ölkədə daimi qala biləcəklər. Bu isə azı üç milyon insanın qısa müddətdə ölkədən çıxarılması deməkdir.

1990-cı ildə yaranan lotoreya Birləşmiş Ştatlarda immiqrantlarının sayı az olan dövlətlərdən insanları ölkəyə gətirməyi nəzərdə tutur. Hər il bu vasitə ilə 50 mindən çox insan ABŞ vətəndaşlığını qəbul edir. ABŞ-da ziddiyyətlərə səbəb olan lotoreya dünyada son dərəcə böyük populyarlığa malikdir. Lotoreya vizası üçün müraciət edənlərdən orta məktəb attestatı, yaxud 2 illik iş təcrübəsi tələb olunur.

"Green Card" sahibinə ABŞ-da qanuni əsaslarla yaşamaq və səsvermə hüququ istisna olmaqla, ABŞ vətəndaşlarına şamil olunan bütün hüquqları əldə etmək imkanı verir. Kart sahibinə ABŞ vizasını əldə etmək lazım deyil. "Green Card" sahibi özünə rahat olan zaman ölkəyə gəlib-gedə bilər. Yeganə əsas tələb bir təqvim ili ərzində 6 aydan az olmamaq şərti ilə ABŞ-da olmaqdır.

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı "Kommersant.az"a açıqlamasında bildirib ki, "Green Card"ı udan insan ABŞ-a gəlirsə, orada avtomatik olaraq işləmək hüququ qazanır:

"Həmin şəxs işlə təmin olunmaq üçün müxtəlif sosial mərkəzlərə müraciət etmək hüququ qazanır. "Green Card" bir neçə ildir ki, təcrübədən keçmiş yaşayış və icazənin ən yaxşı formalarından biridir. Hər il dünyanın müxtəlif ölkələrindən təqribən 50 min insan uduşa layiq görülür. Müraciət edənlərin sayı isə ən azından 2-3 milyon civarında olur. Kartı qazananlar ABŞ-a giriş, 5 il yaşama və işləmək icazəsi əldə edirlər. Həmin müddətdən sonra heç bir qanun pozuntularında iştirak etmirlərsə, müraciət edib 1 il ərzində vətəndaşlıq alırlar".

Ekspert bildirib ki, layihə qüvvəyə minəcəyi təqdirdə ABŞ iqtisadiyyatı yalnız itirəcək:

"Trampın atdığı addımın məntiqini anlaya bilmirəm. ABŞ həmişə miqrant ölkəsi olub. Həmin kartla ABŞ-a gələnlərin əsas hissəsi təhsilli mütəxəssis olur. Bu, ABŞ iqtisadiyyatına qazandırır. "Green Card"ın bütün prosedurlarını bilənlər daha çox savadlı şəxslər olur".

N.Cəfərli Azərbaycandan həmin kartı əldə etmək üçün ali savadlı şəxslərin müraciət etdiyinin dəfələrlə şahidi olduğunu bildirib:

"Azərbaycanlıların kart vasitəsilə ABŞ-a köçməsi beyin axınının getməsinə səbəb olursa, bu, ölkə üçün pisdir. Dövlət bir insana 1-ci sinifdən universiteti bitirənə qədər təqribən 90-100 min manat xərc çəkir. Bu isə həmin pulların itirilməsi deməkdir".

Qeyd edək ki, Azərbaycanda 2011-ci ildən “Greencard Аzerbaijan” şirkəti fəaliyyət göstərir. Şirkət lotoreyada iştirak üçün elektron müraciətin doldurulması və ABŞ-a getmək üçün sənədlərin hazırlanması üzrə xidmət göstərir.

“Greencard Аzerbaijan”dan redaksiyamıza açıqlamada bildirdilər ki, kart üçün Azərbaycandan müraciət edənlərin sayı ilbəil artır:

"Gün ərzində şirkətimizə təqribən 100 müraciət daxil olur. Müraciət onlayn formada aparılır. Şirkətimizə "Green Card" üçün təxminən 50 min nəfər müraciət edib. "Green Card" sahibi olmaq üçün lotoreyada iştirak etmək lazımdır. Lotoreyanın nəticələri bütün dünya üzrə ABŞ Dövlət Departamenti tərəfindən açıqlanır. Lotoreya qalibləri isə kompüter vasitəsilə və tamamilə təsadüfi formada müəyyənləşmiş olur. Şirkətimizdən "Green Card" proqramına ödənişli və ödənişsiz formada müraciət etmək olur".