"Qarabağ"ın futbolçusu: "Əsgərlərimizlə çiyin-çiyinə durmağa hazırıq"

17.05.2018 İdman
Qarabağ bölgəsində səfərdə olan "Qarabağ" klubunun futbolçuları təəssüratlarını bölüşüblər.

Komandanın yarımmüdafiəçisi Qara Qarayev bildirib ki, əsgərlərlə görüşləri çox maraqlı olub: “Bu bölgədə olmaq bu gün bizə qismət oldu. Bizi çox yaxşı qarşıladılar. Əsgərlərimiz gecə-gündüz ölkənin ərazi bütövlüyünü qoruyurlar. Onlara böyük təşəkkür və minnətdarlıq edirik. Təəssüratlarımız əladır. Həqiqətən də, burada olmağın sevinci tam başqadır. Nə qədər oyunlara çıxsaq da, beynəlxalq matçlarda iştirak etsək də, buradakı görüş bizim üçün xüsusi olacaq. Bu məsələni gündəmə gətirən insanlardan xahiş edəcəyik ki, bizi tez-tez əsgərlərlə görüşdürsünlər. Biz idmançı olsaq da, "Qarabağ" klubunun şərəfini qorusaq da, hər birimiz potensial əsgərik. İstənilən vaxtda, istənilən anda əsgərlərimizlə çiyin-çiyinə durmağa hazırıq. Allah əsgərlərimizi qorusun”.

Ağdam təmsilçisinin müdafiəçisi Elvin Yuniszadə də "Report"a çox gözəl qarşılandıqlarını söyləyib: “Doğrudan da, burada, ordumuzda çox gözəl əhval-ruhiyyə var. Bu, bizi çox sevindirir və əlavə stimul verir. Bu gün bir daha əmin olduq ki, torpaqlarımızı geri qaytaracağıq”.

VTB