USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhali bu il ərzaq məhsullarına neçə milyard manat xərcləyib? - STATİSTİKA

13.06.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,4% üstələyərək 13,7 mlrd. manata bərabər olub

"Kommersant" Dövlət Statistika Komitəsinin yaydığı hesabat materiallarına istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 6,9 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,8 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-may aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,8% və 3% üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,8%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının 13,9%-i ticarət müəssisələri, 52,3%-i fərdi sahibkarlar tərəfindən, 33,8%-i isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 23,3% artıb, fərdi sahibkarlar üzrə 0,1%, bazar və yarmarkalarda 0,5% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,7 manat və ya 2017-ci ilin yanvar-may aylarının göstəricisindən nominal ifadədə 13,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 140,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.