Nəqliyyatda tətbiq olunan vergi mexanizmi təkmilləşdiriləcək

11.06.2018 Nəqliyyat
"Nəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində nəqliyyatın orta istismar müddətinin təxminən 10 ilə qədər endirilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanır".

"Kommersant" xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov "Avtomobil Nəqliyyatı-Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

"Hazırlanmış təkliflərdə daşıyıcıları, o cümlədən azgəlirli müntəzəm sərnişin marşrutlarında fəaliyyət göstərən sahibkarları öz nəqliyyat vasitələri parkını yeniləməsinə təşviq etmək üçün bir sıra stimullaşdırıcı tədbirlər görüləcək",- deyə H.Həsənov vurğulayıb.

H.Həsənov əlavə edib ki, sərnişin və yükdaşımalarında tətbiq olunan vergi mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə məsləhətləşmələr aparılır: "Bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə verginin tam həcmdə və vaxtında yığılmasının təmin olunması, vergidən yayınma hallarına qarşı nəzarətin gücləndirilməsi nəzərdə tutulur".

APA