Bu şəxslər rayona gedə biləcək

06.08.2020 Nəqliyyat
Karantin şəraitində vəkillərin ölkə üzrə hərəkəti ilə bağlı ezamiyyə problemi öz həllini tapıb.

"Kommersant.az"-ın xəbərinə görə, kollegiya rəhbərliyinin aidiyyəti dövlət qurumları ilə aralarında əldə olunmuş razılığına əsasən, vəkil qurumlarında fəaliyyət göstərən vəkillərın adları aid olduqları qurumların ASAN imzaları vasitəsilə “icaze.e-gov.az” portalına daxil edilməklə icazələri təmin ediləcək.

Fərdi vəkillər isə VÖEN-lərinin bağlı olduğu ASAN imzalar ilə “icaze.e-gov.az” portalı vasitəsilə özlərinə icazə alacaqlar. Artıq portala daxil edilmiş vəkillərin postlarda ezamiyyə vərəqləri təqdim etmələrinə ehtiyac qalmayacaq.

Bu günüdək vəkil qurumları “icaze.e-gov.az” portalından yalnız qurumda əmək müqaviləsi ilə işləyən şəxslər üçün icazə ala bilirdilər. Lakin günün sonunadək bütün vəkil qurumlarının və fərdi vəkillərin “icaze.e-gov.az” kabinetlərinə “vəkil” bölməsi əlavə ediləcək ki, bundan sonra portala qurumdakı vəkillərin (fərdi vəkillərin) məlumatlarını daxil edib icazə ala biləcəklər.

Hazırda Rəyasət Heyətinin Aparatı vəkil qurumları və fərdi vəkillərin zəruri məlumatlarını aidiyyəti dövlət qurumuna göndərməklə məşğuldur. Texniki həllin protala yerləşdirilməsi müəyyən vaxt tələb etdiyindən yalnız günün sonuna doğru “icaze.e-gov.az” portalına daxil olub vəkillər üçün icazə almaq mümkün olacaq.

Portala hər bir vəkili identifikasiya etmək üçün onların vəkil vəsiqələrinin nömrələri daxil edilməlidir. Bununla da vəkil olmayan şəxslərin başqa nömrə altında portala daxil edilməsi kimi sui-istifadə hallarının qarşısı alınacaq.

VK rəhbərliyi vəkillərə xəbərdarlıq edib ki, karantin rejiminin tətbiqinin davam etməsini nəzərə alaraq, xidməti zərurət olmadan yaşadıqları regiondan kənara səyahət etməsinlər.