Sosial müdafiəyə ehtiyacı olanların nəqliyyat xərci azala bilər - EKSPERTDƏN TƏKLİF

01.08.2018 Nəqliyyat
"Əksər inkişaf etmiş ölkələrdə, o cümlədən, qonşu Türkiyədə ictima nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Cəmiyyətinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqləri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilərlər. Bu baxımdan Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var."

"Kommersant.az" xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov ictimai nəqliyyatda gediş haqqı qiymətlərinin bahalaşmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, əksər ölkələrdə olduğu kimi tələbələr üçün güzəştli qiymətlər ilə tələbə nəqliyyat kartının tətbiqi vacibdir.

"Bu zaman tələbələrin 30% güzəştlə ictimai nəqliyyatdan istifadəsi məqsədəuyğun olardı. Tələbələrin elektron bazasının yaradılması qısa zamanda mümkündür və həmin baza əsasında Bakı Nəqliyyat Agentliyi tərəfindən kartların satışı həyata keçirilə bilər. Həmin kartlardan başqalarının istifadə etməməsi üçün isə maliyyə cəriməsi daxil olmaqla güzəştli hüququn itirilməsi kimi cəzaların müəyyənləşdirilməsi mümkündür. Prosesə şəffaf nəzarət bu şərtlər daxilində kartlardan başqalarının istifadə etməsinin qarşısını almış olar. Oxşar güzəştləri pensiyaçılar üçün də təklif etmək olar.

İkincisi, gündəlik, həftəlik və aylıq kartların tətbiqinə ehtiyac var. Bu zaman müddətindən asılı olaraq 10-30% intervalında güzəştlər tətbiq edilə bilər. Bu, vətəndaşın müddətli kartdan faydalanaraq aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verməklə yanaşı, nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasıma şərait yaradacaq. Nəticədə, ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə biləcəklər. Bir sıra ölkələrdə mövsümi güzəştlər də tətbiq olunur və güman edirik ki, bu güzəştlərdən gələcəkdə istifadə oluna bilər. Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşada 10-dan artıq əhali kateqoriyasına güzəştlər tətbiq edilir. Eyni zamanda, nəqliyyatdan pulsuz istifadə edənlər qrupu da ayrıca təsdiq edilir. Bütövlükdə, differensial tarif sisteminin ölkəmizdə də tətbiqi sosial müdafiəyə ehtiyacı olan qrupların nəqliyyat xərclərini hiss edilən dərəcədə azalda bilər."

  • Əvvəlki

    Metro və avtobus qiymətlərinin bahalaşmasına xalq nə deyir - VİDEO-SORĞU

Digər xəbərlər