Birjanın gözü ABŞ-Çin gərginliyində - SOYUQ SAVAŞ BAŞLAYACAQ?

19.06.2018 Maliyyə
Valyuta bazarında nəzərlər ABŞ və Çin arasında yenidən alovlanan “ticarət gərginliyi”nə kilidlənib.

“Kommersant” Türkiyə mediasına istinadən xəbər verir ki, həftəyə 0,32% artımla 94 min 236 səviyyəsində başlayan İstanbul Birja İndeksi (BİST) günlük 1,31 düşüşlə 93 min 394-ə qədər geriləyib.
Əvvəlcə 4,6805, daha sonra isə 4,7474 lirəyə qədər bahalaşan dollar hazırda 4,71-4,72 aralığında sabitləşib.
Avro isə günə 5,4279 lirə ilə başlasa da qısa zamanda 5,5071 lirə yüksəlib. Hazırda isə 5,47-5,48 lirə aralığında dəyişməkdədir.
Gündəmdən belə görünür ki, ABŞ və Çin arasındakı vergi problemi valyuta bazarını qarışdıracaq. Belə ki, Çinin 50 milyard dollarlıq texnologiya ixracatına ABŞ-ın vergi qoyacağı ilə bağlı açılamalar gündəmi zəbt edib. Bunun qarşılığında isə Çin də öz növbəsində soya, kömür, neft kimi ABŞ məhsullarına vergi qoyaraq eyni ağırlıqda cavab verib. Bu “atışma”nın nəticəsi nə olacaq?
Ən pis halda ABŞ-Çin arasında soyuq mübarizə gedəcək. Ən yaxşı halda xarici ticarət müharibəsi başlamadan bitəcək. Hazırda Asiya dövlətlərinin əksəriyyəti bayram tətilində olduğu üçün valyuta birjalarının konkret dəyərləndirməsini aparmaq mümkün deyil.

Nərmin Həsənli