Qarabağ Azərbaycandır!

"Brunson işi" lirəyə can verdi

25.09.2018 Maliyyə
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından başlayaraq lirə və rublun dəyər qazanması müşahidə olunur.

"Kommersant.az" xəbər verir ki, dollar/lirənin bu saatlara olan məzənnəsinə görə, 1 dollar 0,22% ucuzlaşaraq 6,1385 lirə olub. 1 avronun qiyməti də 0,14% ucuzlaşaraq 7,2240 lirə təşkil edib.

Rusiya Mərkəzi Bankının nəticələrinə görə isə, 1 dolların dəyəri 0,09 rubl ucuzlaşaraq 66,16 rublda sabit qalıb. Rusiyada 1 avronun dəyəri isə 0,39 rubl ucuzlaşaraq 77,68 rubl olub.

İqtisadçı ekspert Cəfər İbrahimli məsələ ilə bağlı redaksiyamıza verdiyi açıqlamada bildirib ki, Türkiyə və Rusiya milli valyutalarının nisbətən sabitləşməsinə səbəb siyasi riskin zəifləməsidir:

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində çıxışı, yüksək ranqlı məmurların ABŞ-da Türkiyə-ABŞ arasındakı böhrana səbəb olan keşiş Brunson haqqında irəli sürdüyü mülahizələri (oktyabrın 10-da məhkəmə olacağı gözlənilir) də siyasi riski bir növ azaldır. Son 1 həftədə İstanbul birjasının indeksində artım qeydə alınıb. Dünən Türkiyə banklarının səhmləri 6%-ə dək yüksəldi. Türkiyə maliyyə bazarlarında nisbi sabitlik hökm sürür. Buna, İdlib məsələsində Rusiya ilə Türkiyə arasında əldə edilən razılıq da təkan verib".

Rublun dəyər qazanmasına gəlincə, ekspert qeyd edib ki, OPEK və bu təşkilata üzv olmayan ölkələrin son birgə toplantısından sonra "Brent" markalı neftin qiymətinin artması təzyiqləri azaldır:

"Son günlər ABŞ-ın Rusiyaya sanksiya tətbiqi məsələsi nisbətən arxa plana keçib. Siyasi risklərin azalması fonunda Rusiya valyutası dəyər qazanır. Lakin bu o demək deyil ki, Rusiya ilə ABŞ və Avropa arasındakı gərginliklər bitib".

C.İbrahimlinin sözlərinə görə, lirə və rublun qısa müddətdə kəskin dəyər qazanacağı gözlənilmir.