USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Türk Hava Yolları” media nümayəndələri üçün press-tur təşkil edib

29.05.2018 İqtisadiyyat
0 0
“Türk Hava Yolları” (THY) media nümayəndələri üçün Türkiyəyə səfər təşkil edib.

"Kommersant.Az" xəbər verir ki, press-turun ilk günündə media nümayəndələri "Türk Hava Yolları"nın Uçuş Təhsil Mərkəzində olublar.

Burada pilotlar üçün təlim simulyatorları, onların iş prinsipi barədə məlumat verilib və bildirilib ki, şirkətin pilotları mütəmadi olaraq, ildə iki dəfə burada təlimdə olur. Təlimlərdən uğurla keçməyən pilotlara təyyarə idarə etməyə icazə verilmir. Mərkəzdə təlimlərə nəinki pilotlar, eyni zamanda bələdçilər də cəlb olunurlar. Belə ki, təlimdə bələdçilərə təyyarə qəzaya düşdüyü zaman, fövqəladə vəziyyətdə sərnişinlərə necə yardım göstərməli, qəza anında xilasetmə tədbirləri və digər hallarla bağlı məlumat verilir.

Bundan başqa, Uçuş Təhsil Mərkəzində təkcə THY pilotları deyil, dünyanın bir çox hava yolları şirkətlərinin pilotlarına da təlimlər keçirilir.

Daha sonra səfər çərçivəsində media nümayəndələrini "Türk HavaYolları"nın baş ofisində şirkətin satış müdirinin köməkçisi Emre Menevşe qəbul edib. Şirkətin inkişaf istiqamətlərindən və gələcək fəaliyyətində bəhs edən E.Menevşe bildirib ki, əsrin əvvəlində ölkədə 162 təyyarə, 26 aeroport mövcud olduğu halda, 2017-ci ildə bu rəqəm kifayət qədər artıb.

"Ötən il Türkiyə 517 təyyarə və 55 aeroporta sahib olub. Təkcə 2017-ci ildə 138 milyon sərnişin daşınıb. Ölkəmiz 2003-cü ildə aviasiya sahəsindən 3,1 milyard lirə, 2016-cı ildə isə 70,2 milyard lirə gəlir əldə edib. 2017-ci ildən 2023-cü ilə qədər olacaq proqnozlara görə aviaşirkətlərin sərnişindaşımada artımı 1,1 dəfə olacağı halda, Türkiyədə bu rəqəm 1,7 dəfəyə çatacaq. Şirkətimiz hazırda dünyanın 121 ölkəsinə, 302 şəhərə, 305 istiqamətə uçuşlar həyata keçirir. Bununla yanaşı, bu il oktyabrın 29-da dünyanın ən böyük hava limanı olan üçüncü İstanbul Hava Limanı istifadəyə veriləcək. İlkin mərhələdə, aeroportda ildə 90 milyon sərnişinə xidmət göstəriləcək. Hava limanının 6 uçuş-enmə zolağı, 4 terminalı və ildə 200 milyon sərnişinə xidmət etmək imkanı olacaq. Hazırda aeroportda işlərin 85 faizi yekunlaşıb", - deyə E.Menevşe vurğulayıb.

E.Menevşe 40 mindən çox insanın çalışdığı bu şirkətin dünyanın ən yaxşı hava yolu şirkəti olmaq məqsədilə hər gün daha səylə çalışdığını, hər zaman fərqli və yeni xidməti sahəsində bu hədəfə doğru daha sürətlə irəlilədiklərini qeyd edib. Şirkət rəsmisinin sözlərinə görə, Böyük Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən tanınmış konsaltinq şirkəti "Skytrax" THY-ni ötən ilin "Avropanın ən yaxşı hava yolu şirkəti" elan edib. Bundan başqa, şirkət zamanla "Ən yaxşı biznes klass sərnişin salonu", "Ən yaxşı biznes klass sərnişin yeməyi" nominasiyalarına da layiq görülüb.

Səfər çərçivəsində dünyada turistlərin ən çox axın etdiyi şəhərlər içərisində ilk pillələrdə olan İstanbul şəhərində gəzinti də media nümayəndələri üçün yadda qalan olub. KİV təmsilçiləri Qərblə Şərq mədəniyyətinin qovşağında yerləşən İstanbul şəhərində "Sultan Ahmet" və "Aya Sofya" məscidlərini də ziyarət edib.

Media nümayəndələrinə biznes klass sinfi üzrə aviabiletlər təqdim edildiyindən təyyarənin uçuş zamanını gözləmək üçün "Turkish Airlines Lounge Istanbul"da zaman keçiriblər.