USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada bundan sonra nə baş verəcək?

03.07.2020 İqtisadiyyat
0 0
İyulun 1-də keçirilən referendumun nəticələrinə görə, Rusiya Federasiyası Konstitusiyasına dəyişikliklərin lehinə 77,9%, əleyhinə 21.27% səs verib. Beləliklə, Putin prezident olduğu müddəti 1 iyul referendumu ilə “sıfırladı”. Zatən 2024-cü ilədək prezident olacaq səxsin daha bir neçə prezidentlik müddəti qazanmasının regionumuza, həmçinin Azərbaycana hansı təsirləri olacaq? Putin daha arxayın oldusa, daha sərt siyasətəmi yönələcək?

Politoloq Elşən Mustafayev "Yeni Müsavat"a bildirdi ki, Rusiya seçicilərinin səs verdikləri konstitusiya dəyişikliklərinin həcmi çox böyükdür. Amma onların içində olan bir sıra dəyişikliklər əsas məqsədin nə olması barədə fikirlər yürütməyə əsas verir: "Bir çoxları Putinin 2024-cü ildən sonra prezident olmayacağını, ancaq başqa bir statusda yenə də hökmünü davam etdirəcəyini söyləyir. Bunun Dövlət Şurası ola bilməsi ehtimalları var. Konstitusiya dəyişiklikləri bu yolda ola biləcək maneələri aradan qaldırmağa yardım edəcək. Dəyişikliklərdə "Rusiya SSRİ-nin öz ərazisində hüquqi varisidir" və "Rusiya tarixi Rusiya dövlətçiliyinin hüquqi varisidir" ifadələri vaxtilə Rusiya imperiyası ərazisinə daxil olan, bu gün isə müstəqil olan dövlətləri, o cümlədən Azərbaycanı təbii ki, narahat etməlidir. Yeni dəyişikliklərdən sonra aparılacaq xarici siyasət kursunda istədikləri vaxt istədikləri dövlətlərə qarşı fərqli formalarda fərqli səbəblərlə ərazi iddiaları irəli sürə bilərlər. Təbii ki, bu onun istədiyi vaxt və yalınız dişinin batacağı ölkələrə qarşı edilə bilər. Belə fikirlərin arxasında nə dayandığını təsəvvür etmək belə istəmirəm. Düşünürəm ki, bu referendumla Putin həm də öz xalqına müsbət dəyişikliklərin olacağını anons edir. Çünki TV-lər və media nə qədər hakim elitanın nəzarətində olsa da insanlarda narazılıqlar durmadan artır. Əsas etirazlar isə ölkədə avtoritarizmin olmasıdır ki, onun da başında Putini görürlər. Yəni bu referendumu həm təbliğat vasitəsi, həm Putinin siyasi gələcəyinin müəyyən olunması, eyni zamanda daxili və xarici siyasətin yeni konturlarının müəyyən olunması baxımından çoxdan düşünülüb hazırlanmış bir aksiya kimi qəbul edirəm".

Politoloq qeyd etdi ki, Rusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə konstitusiyada olan qadağanın aradan qalxması təcrübəsi artıq bir sıra MDB respublikalarında var. Azərbaycanda da bu qadağa artıq xeyli vaxtdır aradan qaldırılıb və eyni şəxsə istədiyi qədər prezident seçkilərində namizədliyini vermək və seçilmək imkanı konstitusiyada yaradılıb. Eyni zamanda Rusiyanın atdığı addımdan digər region ölkələrinin hakimiyyətlərinin də təcrübə götürəcəyi gözləniləndir.

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, yeni konstitusiya Vladimir Putinə 2036-cı ilə qədər Rusiyaya başçılıq etmək imkanı verəcək və o, əlavə olaraq 16 il də Kremldə oturacaq. Putin faktiki 20 ildir hakimiyyətdədir, bunun üstünə növbəti 16 il də əlavə etsək, bu 36 il olacaq. Rusiyanın və SSRİ-nin tarixində heç bir şəxs bu müddətdə hakimiyyətdə olmayıb. Yekaterina Rusiya imperiyasına 36, İosif Stalin isə SSRİ-yə 32 il rəhbərlik ediblər. Putin hər ikisinin rekordunu təzələməyi qarşısına məqsəd qoyub: "Çeçenistanın rəhbəri Ramzan Kadırovun "Putin ömürlük prezident olsun" fikri yeni deyil. O, bir neçə dəfə bu təklifini səsləndirib. Belə baxanda 36 il prezidentlik elə ömürlük hakimiyyətdə qalmaq deməkdir. Kadırovun açıqlamasında Rusiya üçün başqa təhlükə var. Kadırov açıqlamasında belə bir cümlə işlədib: "Rusiyada Putini əvəz edəcək şəxs yoxdur".

Məsələyə Kadırovun məntiqi ilə yanaşsaq, bir gün Putin hansısa səbəbdən var olmasa, Rusiyanı böyük təhlükələr gözləyəcək. Bu yanaşma Çeçenistana da aiddir. Ramzan Kadırov Putinlə dostdur və ona tabedir. Ancaq gələcəkdə Kremldə Putin yox bir başqası otursa, Kadırov ona tabe olacaqmı? Rusiyada idarəetmə oturuşmuş sistemə deyil, şəxsi sədaqətə bağlıdır. Bu isə Rusiya üçün gələcəkdə böyük təhlükələr vəd edir. Rusiyada qanunlarda idarəçiliklə əlaqəli həyata keçirilən dəyişikliklərin ətraf ölkələrə, xüsusən də MDB məkanına da təsirlərinin olduğu, presedent yaratdığı məlumdur. Bu baxımdan indiki dəyişikliklərin də təsirləri olacaq. Putin bundan sonra 16 il iqtidarda qalsa da Rusiyanın bölgə ilə, Azərbaycanla bağlı siyasətində dəyişən bir şey gözləmirəm. 20 ildə hansı siyasət yürüdülübsə, 20 ildə hansı təsirləri olubsa, bundan sonra da elə olacaq. Putinin son açıqlamalarına diqqət yetirsək görərik ki, regionla bağlı təsirlərinin hələ bir qədər artıracağı gözlənilir. SSRİ-nin sərhədlərini bərpa etmək, SSRİ dağılarkən ondan ayrılan bəzi respublikaların Rusiya ərazilərinə sahiblənməsi kimi fikirlər təhlükəli planlardan xəbər verə bilər. 20 ildə Putinin siyasəti hansı nəticələrə gətiribsə o istiqamətdə də davam edəcək. Eyni zamanda Rusiyada Putinin hakimiyyətdə uzun müddət qalmasına şərait yaradan qanun dəyişikliyi regionda bir sıra ölkələrin rəhbərlərinə öz hakimiyyətlərini uzatmaq üçün stimul rolunu oynaya bilər".

  • Əvvəlki

    Baş epidemioloqdan ŞOK AÇIQLAMA - "Heç nədən də xəbərim yoxdur, kənddə oturmuşam" (SƏS YAZISI)

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0