Dövlət Aqrar Ticarət Şirkəti FAO ilə birgə AFAQ layihəsinə start verib

07.05.2019 Aqrar
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə aqrar sahədə qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının artırılması, bununla da onların sosial-iqtisadi rifahının yaxşılaşdırılması məqsədilə AFAQ - Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsini həyata keçirəcək.

"Kommersant.az" xəbər verir ki, layihənin əsas məqsədi qadınlar tərəfindən istehsal olunan məhsulların satış bazarlarına çıxışının asanlaşdırılması, kənd təsərrüfatı sahəsində öz bisnesini qura biləcək qadın sahibkarların formalaşdırılması, onların marketinq və satış sahəsində biliklərinin artırılması, qadınlar üçün kiçik istehsal müəssisələri və istixanaların yaradılmasıdır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Tərəfdaşlıq və əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, fermer qadınların gücləndirilməsi FAO-Azərbaycan Tərəfdaşlıq proqramı çərçivəsində qəbul olunmuş bir layihədir. O bildirib ki, bu gün qadın fermerlər kənd təsərrüfatındakı məşğulluğun təxminən 50%-ini təşkil edir: “Ancaq qadın fermerlərin bilik və informasiyalara çıxışı azdır və bu cəmi 2 faiz təşkil edir. Bu layihədə qadın fermerlərin gördükləri işləri daha da yaxşılaşdırılması, onların bacarıqları və biliklərinin artırılması, eyni zamanda istehsal resurslarına, xüsusilə də kredit kimi maliyyə bilik və bacarıqlarına çıxışı yolu ilə onların bazara çıxışını təmin etməkdir. Bu layihə çərçivəsində onlara gəlirlərini artırmaq yolunda işlər görmək istəyirik”.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova isə bildirib ki, bu gün Azərbaycanda qadınların əməyi olduqca yüksəkdir: “Bu gün onların əməyi əsasən rəssamlıq, mədəniyyət və incəsənət sahəsində görünməkdədir. Ancaq istehsal, sənaye və kənd təsərrüfatı sahələrində də onların əməyi az deyil. Xüsusilə də kənd təsərrüfatı sahəsində onların əməyi olduqca böyük və əvəzedilməzdir”.

O, qadınları bu layihəyə qoşularaq, görünməz əməklərini görünməyə dəvət edib.

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova isə bildirib ki, bu layihə 2 il müddətində davam edəcək: "Məqsədimiz 2 il ərzində uğurlu xanımların hekayələrinin yaradılmasında iştirak etməkdir. Layihə çərçivəsində qadın fermerlər üçün biznesin planlaşdırılması/biznesin inkişafı, liderlik, idarəetmə, marketinq, maliyyə savadlılığı və kənd təsərrüfatı ilə bağlı bacarıqların artırılması məqsədilə təlimlər keçiriləcək.

O bildirib ki, qadın fermerlərin aktiv şəkildə öz təcrübələrini bir-birilə bölüşməsi və əlaqə yaratmaları üçün onların vahid bir platformada birləşdirilməsi və həmin platforma üzərindən əməkdaşlıqların qurulması nəzərdə tutulur: “Layihə zamanı kollektiv istehsal prosesləri üçün pilot fəaliyyətlərin həyata keçirilməsi məqsədilə kiçik istehsal müəssisələri və istixanalar yaradılacaq, davamlı təlimlər və texniki dəstəklə layihə inkişaf etdiriləcək”.

L.Məmmədova deyib ki, Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM), yerli icra orqanları, yerli QHT-lər və fermer assosiasiyaları layihəyə cəlb olunaraq informasiya-məsləhət xidmətləri və təlim vermə bacarıqları ilə təmin ediləcək: “AFAQ layihəsində iştirak edəcək aqrar fəaliyyətli qadınlar Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən marketinq, loqistika və anbar dəstəyi ilə də təmin olunacaq. Onların informasiya, istehsal və maliyyə resurslarına çıxış imkanları artacaq, onların iqtisadi və sosial fəallığının artırılması ilə kənd təsərrüfatı sahəsində gender bərabərliyinin təmin olunmasına, qadınların kənd təsərrüfatı və emal məhsullarının istehsalı sahəsində bilik və bacarıqlarının artırılmasına nail olunacaq”.

Qeyd edək ki, AFAQ layihəsi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan Höküməti arasında imzalanmış Tərəfdaşlıq Proqramı çərçivəsində icra olunacaq. FAO-Azərbaycan Tərəfdaşlıq proqramın əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və FAO-nun strateji məqsədlərinə müvafiq olaraq ev təsərrüfatlarının ərzaq təhlükəsizliyinə, kənd yerlərində dolanışıq səviyyəsinin yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına töhfə verməkdir.

Report

VTB