USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daşınmaz əmlaka görə ikili sığorta kompensasiyasının alınması qadağan deyil - Mərkəzi Bank

17.01.2020 Bank
0 0
Son zamanlar daşınmaz əmlakın icbari sığortası ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib.

"Kommersant.az" xəbər verir ki, bunula bağlı Azərbaycan Mərkəzi Bankı sualları cavablandırıb:

– Daşınmaz əmlakın icbari sığortası mövzusu aktual olduğu üçün vətəndaşları və sahibkarları ən çox maraqlandıran suallardan biridə qeyri-yaşayış və kommersiya tipli daşınmaz əmlaklar da icbari sığortaya cəlb ediləcəi ilə bağlıdır?

– Qanunvericilikdə daşınmaz əmlakın kommersiya və ya qeyri-kommersiya tipli hər hansı təsnifatı nəzərdə tutulmayıb.

Bildiririk ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Göründüyü kimi, hüquqi şəxslərin kommersiya və ya qeyri-kommersiya tipli fəaliyyətindən asılı olmayaraq onlara məxsus və sığortalanması Qanunla qadağan olunmayan bütün növ daşınmaz əmlak icbari sığortaya cəlb edilir.

Nəzərinizə çatdırırıq ki, Qanuna əsasən aşağıda qeyd olunan daşınmaz əmlaklar icbari sığortaya cəlb olunmur.

  • Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş daşınmaz əmlak;
  • tikintisi başa çatmayan daşınmaz əmlak;
  • qəzalı vəziyyətdə olan daşınmaz əmlak;
  • Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak.

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydası, yaşayış evlərinə və mənzillərə münasibətdə sığorta məbləğinin 0,2 faizindən artıq olmamaq şərtilə maliyyə bazarlarına nəzarət orqanı (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı) tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 2011-ci ilin dekabrın 6-da Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi Qaydası”na əsasən yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tarifləri aşağıdakı düstürla hesablanır:

ST = HƏ × (1 – GƏ)

burada:

ST – faiz dərəcəsi ilə ifadə olunan sığorta tarifi;

GƏ –güzəşt əmsalı;

HƏ –hesablama əmsalı.

Sığorta tarifinin müəyyənləşdirilməsi məqsədilə azadolma məbləğindən və sığorta məbləğindən asılı olaraq güzəşt əmsalı (GƏ) Qaydanın 1.2 bəndində verilmiş cədvəl əsasında müəyyən olunur. Şəxsin daşınmaz əmlakla bağlı həyata keçirdiyi iqtisadi fəaliyyətin növündən asılı olaraq müvafiq risk qrupları müəyyən edilr.

Risk qruplarına görə hesablama əmsalı (HƏ) Qaydanın 1.4-cü bəndində qeyd edilmiş cədvəl əsasında müəyyən olunur.

“Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi Qaydası”nı və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası kalkulyatoru ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:

https://www.fimsa.az/menu/dasinmaz-emlakin-icbari-sigortasi-uzre-sigorta-tariflerinin-mueyyenlesdirilmesi-qaydasi/280

http://www.e-qanun.az/framework/23596

https://isb.az/dasinmaz-emlakin-icbari-sigortasi/

https://isb.az/dasinmaz-emlakin-istismari-ile-bagli-mulki-mesuliyyetin-icbari-sigortasi/

– Sığorta hadisəsi baş verən zaman ödənilən kompensasiya Bakı şəhəri üzrə 25 min manat məbləğində nəzərdə tutulub. Mənzilin dəyəri bu məbləğdən artıq olarsa dəymiş ziyan necə ödəniləcək?

– Bildiririk ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələri baş verən zaman vətəndaşlara ödəniləcək kompensasiyaların son həddi daşınmaz əmlakın yerləşdiyi regiondan asılı olaraq “İcbari sığortalar haqqında” Qanuna əsasən aşağıdakı kimi müəyyən edilir.

– Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25 000 manat;

– Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20 000 manat;

– digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15 000 manat.

Qanuna əsasən sığorta hadisəsi zamanı daşınmaz əmlaka dəymiş zərərə görə icbari sığorta üzrə son hədd olaraq (məs: Bakı şəhəri üzrə 25000 manat) yuxarıda qeyd olunan sığorta məbləğləri həddində təzminat verilməsi nəzərdə tutulub. Vətəndaş daşınmaz əmlakın bazar dəyərinə uyğun olaraq əlavə təminat almaq üçün isə əmlakını könüllü qaydada sığorta etdirə bilər. Bu halda vətəndaşlar baş vermiş sığorta hadisəsi zamanı dəymiş zərərə uyğun olaraq (məs: Bakı şəhəri üzrə) maksimum 25000 manatadək olan hissədə icbari qaydada, 25000 manatı aşan hissədə isə könüllü sığorta müqaviləsi üzrə müəyyən edilmiş sığorta məbləği həddində, lakin əmlakın faktiki bazar dəyərindən artıq olmamaq şərti ilə sığorta ödənişi ala biləcəklər.

– İpoteka krediti ilə götürülən mənzillərə də icbari sığorta şamil ediləcəkmi? Bu zaman vətəndaş ipoteka krediti götürən zaman ödədiyi sığorta haqqını da eyni qayda ilə ödəyəcəkmi? Vətəndaşın ikili sığorta kompensasiya almasının qanunvericikliklə qadağan olunmasını nəzərə alsaq, Sığorta hadisəsi baş verən zaman vətəndaşa hansı sığortanın kompensasiyası ödəniləcək?

– Mənzillərin ipoteka krediti ilə yüklü olub-olmamasından asılı olmayaraq bütün mənzillərə də icbari sığorta şamil edilir. Bu zaman Qanunun 11.1-ci maddəsinə əsasən icbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə birdəfəlik ödənilir.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 8.4-cü maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta təminatının könüllü sığorta müqaviləsində tam və ya qismən nəzərdə tutulması sığortalını müvafiq icbari sığorta müqaviləsini bağlamaq vəzifəsindən azad etmir.

Həmçinin, Qanunun 77.1-ci maddəsinə əsasən həmin Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər qanunla müəyyən edilmiş məsuliyyəti daşıyırlar.

Eyni zamanda bildiririk ki, sığorta müqaviləsi bağlanan andakı həqiqi, yəni sığorta dəyərindən (faktiki bazar dəyərindən) artıq məbləğdə əmlakın eyni risklərdən iki və ya daha çox sığortaçıda sığortalanması halında (ikili və ya çoxqat sığorta halında), sığorta hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada, ümumilikdə sığorta dəyərindən artıq olmamaq şərtilə öhdəlik daşıyır.

Göründüyü kimi sığorta hadisəsi baş verdiyi zaman bağlanmış hər bir sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada eyni anda bir neçə sığorta şirkəti tərəfindən daşınmaz əmlakın həqiqi dəyərini aşmayan həcmdə ikili sığorta kompensasiyasının alınması qanunvericilikdə qadağan olunmayıb.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, Mülki Məcəllənin 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir.

Beləliklə, ipoteka predmeti olan əmlaka dəymiş zərər üzrə əvvəlcə qanunun tələb etdiyi sığorta məbləği həddində (məs: Bakı üzrə 25000 manat) icbari qaydada, zərər məbləği 25000 manatdan çox olan hissəsi isə könüllü sığorta müqaviləsi ilə ödənilməsi nəzərdə tutulur.

– Aztəminatlı ailələr, şəhid ailələri, hərbiçilər, pensiyaçılar və digər xüsusi kateqoriyalardan olan əhali daşınmaz əmlakını icbari sığorta etdirməlidirmi? Onlara hər hansısa güzəşt limiti tətbiq ediləcəkmi?

– Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli 43 nömrəli qərarı ilə təsdiq edilib və bu kateqoriyaya aid şəxlərin yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir. Digər şəxslər isə daşınmaz əmlakını öz vəsaiti hesabına sığorta etdirməlidir.

Report