USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Qazprombank”ın nümayəndələri azərbaycanlı sahibkarlarla görüşüb

25.05.2020 Bank
0 0
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Qazprombank”ın təşkilatçılığı ilə videokonfrans formatında “Bank müqavilələrinin müşayiəti” mövzusunda işgüzar görüş keçirilib

"Kommersant.az" xəbər verir ki, keçirilən görüşdə bank sektorunun, eləcə də sənaye, kənd təsərrüfatı, sığorta, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

Görüşdə AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev dövlət başçısının sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, Azərbaycanda qeyri-neft ixracının artırılması istiqamətində həyata keçirilən islahatlar, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların cəlb edilməsinin təşviqi istiqamətində görülən işlər, rəhbərlik etdiyi qurum tərəfindən reallaşdırılan tədbirlər barədə məlumat verib. Koronovirus (COVİD-19) pandemiyasının iqtisadiyyata mənfi təsirlərindən bəhs edən Yusif Abdullayev ölkəmizdə insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın iqtisadiyyata təsirlərinin minimuma endirilməsi, o cümlədən xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirildiyini qeyd edib.

Pandemiya şəraitində keçirilən videokonfransın tərəfdaşlığın gücləndirilməsində əhəmiyyətini qeyd edən “Qazprombank”ın birinci vitse-prezidenti Denis Kamışev “Bank müqavilələrinin müşayiəti” layihəsi barədə məlumat verib. Qeyd edilib ki, “Bank müqavilələrinin müşayiəti” mexanizmi hər hansı layihənin həyata keçirilməsi üçün ayrılmış vəsaitin məqsədli xərclənməsinə nəzarətin təmin edilməsi üçün “Qazprombank” tərəfindən yaradılmış innovativ məhsuldur.

Tədbirdə “Bank müqavilələrin müşayiəti” layihəsinə dair videoçarx nümayiş olunub, layihə ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.