USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda kasıblar üçün bank xidmətləri pulsuz oldu

15.09.2020 Bank
0 0
Prezident İlham Əliyev ölkədə aztəminatlı əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması və məşğulluğun artırılması ilə bağlı verdiyi tapşırıqların icrası Azərbaycan Mərkəzi Bankının (AMB) daim diqqət mərkəzində saxlanılır və ölkədə maliyyə inklüzivliyinin yüksəldilməsi, bank xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, xüsusilə aşağı gəlirli əhali qrupunun bank xidmətlərinə səmərəli və effektiv çıxışının təmin edilməsi istiqamətinə müvafiq tədbilər həyata keçirilməkdədir.

"Kommersant.az" xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində AMB “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi ilə birgə aşağı gəlirli əhali qrupu üçün pulsuz “Baza bank xidmətləri” təkliflər paketini hazırlayaraq bank sektoruna təqdim edib.

Ölkə prezidentinin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində hazırlanmış “Baza bank xidmətləri” paketi özündə aşağı gəlirli əhali qrupu üçün pulsuz bank hesabının açılması, pulsuz debet ödəniş kartının təqdim edilməsi, emitent bank tərəfindən ölkədaxili öz ekvayer şəbəkəsindən nağdlaşdırma əməliyyatlarına xidmət haqqının tətbiq edilməməsi, elektron bankçılıq xidmətlərindən istifadə etməklə aparılan ödənişlər üzrə xidmət haqlarının tutulmaması və sair kimi güzəştləri ehtiva edir.

Layihənin ilkin mərhələsində dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası çərçivəsində Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınmış 600 min vətəndaşa ölkədə fəaliyyət göstərən banklar tərəfindən pulsuz baza bank xidmətlərinin təqdim olunması nəzərdə tutulub.

Bankların aşağı gəlirli əhali qrupu üçün pulsuz “Baza bank xidmətləri”nin təqdim etməsi ölkədə bank xidmətlərindən məhdud istifadə edən aşağı gəlirli əhali qrupunun daha səmərəli və effektiv kanallarla rəqəmsal maliyyə xidmətlərinə çıxışını genişləndirəcək, maliyyə inklüzivliyinin yüksəldilməsini və maliyyə bank xidmətlərinin əlçatanlığını gücləndirəcək.