USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklar əmanət faizlərini endirir

17.06.2021 Bank
0 0
Azərbaycanın kommersiya bankları əmanət faizlərini bir qədər də azaldıb.

"Kommersant.az" Sfera.az-a əsasən bildirir ki, dollarla qoyulan əmanətlərə illik 0,1-2 faiz, manatla yerləşdirilən əmanətlərə illik 6-11 faiz gəlir hesablanır. Bir-iki ay öncə banklar dollarla olan əmanətlərə eyni faiz dərəcəsi təklif etsə də, manatla olan əmanətlərə 7-12 faiz təklif edirdi.

Manatla olan əmanətlər üzrə faizlərin endirilməsinə səbəb dollar/manat kursunun sabit olacağına dair inamın güclənməsi və banklarda manatla əmanətlərin həcminin artması hesabına likvidliyin yüksəlməsidir.

Son aylarda neft qiymətləri 50 dollardan 70 dollar səviyyəsinə qədər artıb. Qiymət artımları Azərbaycanın cari əməliyyatlar balansında və tədiyə balansında profisitin yaranmasına səbəb olub. Neftin bahalaşmasını və məzənnə sabitliyini nəzərə alan əhali manatla yığımları artırır.

Artan yığımların bir hissəsi banklara yerləşdirildiyindən manatla əmanətlərin həcmində nəzərəçarpacaq müsbət dəyişiklik baş verir. Bunun nəticəsidir ki, 2021-ci ilin mayın 1-nə olan məlumata əsasən, banklarda yerləşdirilən əmanətlərin 50 faizdən çoxu manatla olan əmanətlərin payına düşür. Halbuki, 2016-cı ildə əmanətlərin 20 faizi, 2020-ci ilin mayın 1-də 45 faizi manatla saxlanılırdı. Son məlumata əsasən manatla əmanətlərin payı 51,3 faizə yüksəlib.

Manatla əmanətlərin artması, ümumən əmanətlərin həcminin artmasına və bununla da banklarda likvidliyin yaranmasına şərait yaranıb. Son bir ildə banklarda əmanətlər 600 milyon manat və ya 7,7 faiz artıb. Amma kredit qoyuluşu birillik dövrdə 100 milyon manat azalaraq 14,612 milyard manata düşüb.

Əmanətlərdəki artım sürətinin böyük olması banklarda vəsait bolluğu yaradıb və bu, nəticə etibarilə bankların əmanətlərə ehtiyacını azaldıb.

Qarşıdakı dövrdə əmanət faizlərinin dəyişməsi kredit qoyuluşunun həcmindən və inflyasiya səviyyəsindən asılı olacaq. Əgər kredit qoyuluşunda artım güclənərsə və inflyasiya yüksələrsə, tələbi cilovlamaq üçün əmanət faizlərinin bir qədər artırılması ehtimalı var. Əks təqdirdə banklarda əmanət faizlərinin bir qədər də azalması mümkündür.