“Rabitəbank”ın əməkdaşı yarım milyondan çox pulu mənimsəyi - QƏRAR

12.04.2022 Bank
Şirvan Apellyasiya Məhkəməsində “Rabitəbank” ASC-nin Lənkəran rayon filialının sabiq xəzinədarı Cəfər Sadıqzadənin apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

"Kommersant.az"ın əldə etdiyi məlumata görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, C.Sadıqzadənin apellyasiya şikayəti təmin olunmayıb. O, həbsdə saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Sadıqzadə 12 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra kemiş bank əməkdaşı hökmdən narazı qalıb və o, apellyasiya şikayəti verib.

Qeyd: "Rabitəbank” ASC-nin Lənkəran rayon filialının xəzinədarı olmuş Sadıqzadə Cəfər Ceyhun oğlu 2021-ci il aprelin 20-də Lənkəran Rayon Prokurorluğunun əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla C.Sadıqzadə tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə işlədiyi bankda ona etibar edilən kassadan ümumilikdə 563 min manat və 1 300 ABŞ dolları məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra C.Sadıqzadə şübhəli şəxs qismində tutulub.