Azərbaycanda fəaliyyət göstərən bankların aktivlər cəmi üzrə vəziyyəti bəlli olub.
Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 22-i cəmi aktivlərini artırsa da, 3 bankın aktivlər cəmi azalıb.
CƏMİ AKTİVLƏRİ AZALAN BANKLAR
“Azərbaycan Sənaye Bankı”nın cəmi aktivləri 2021-ci ilin son rübü ilə müqayisədə 64 milyon 940 min manat və ya 0.8% azalaraq 747 milyon 621 min manata enib.
“Premium Bank”ın aktivlər cəmi 2021-ci ilin analoji dövrü ilə müqayisədə 68 milyon 137 min manat və ya 9% azalaraq 692 milyon 202 min manata düşüb.
“RabitəBank”ın cəmi aktivləri isə 62 milyon 973 min manat və ya 0.6% azalaraq 954 milyon 900 min manata bərabərləşib.
KORPORATİV BANKLAR
Korporativ banklar arasında cəmi aktivlərini ən çox artıran bank “Azərbaycan Beynəlxalq Bankı” olub. Dövlət bankının aktivlər cəmi 2 milyard 555 milyon 29 min manat və ya 22.2% artaraq 14 milyard 38 milyon 886 min manata çatıb.
Cəmi aktivləri ən az artan korporativ bank isə “Naxçıvan Bank” olub. Belə ki, bankın cəmi aktivləri 1 il ərzində 2 milyon 705 min manat və ya 0.8% artaraq 346 milyon 462 min manata yüksəlib.
RETAİL BANKLAR
RETAİL banklar arasında ən yüksək artım “UniBank”da qeydə alınıb. Bankın cəmi aktivləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 401 milyon 981 min manat və ya 38.7% artaraq 1 milyard 440 milyon 644 min manata çatıb.
Ən az artıma isə rusların bankında olub. Belə ki, “Bank VTB”nin Azərbaycan filialı cəmi aktivlərini 1 il ərzində 6 milyon 166 min manat və ya 0.2% artaraq 238 milyon 493 min manata bərabər olub.