Azərbaycanda fəaliyyət göstərən bankların kapital cəminin nə qədər olduğu açıqlanıb.
Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 23-ü cəmi kapitalını artırsa da, “Bank BTB” və “Premium Bank” bu vəzifənin öhdəsindən gələ bilməyib.
Belə ki, "Bakının Ticarət Bankı" cəmi kapitalını 4 milyon 965 min manat və ya 9% azaldaraq 50 milyon 54 min manata endirib. İşi göydə olanların bankı olan “Premium Bank”ın cəmi kapitalı 3 milyon 375 min manat və ya 1.8% azalaraq 182 milyon 564 min manata enib.
KORPORATİV BANKLAR
Korporativ banklar arasında cəmi kapitalını ən çox artıran bank “Azərbaycan Beynəlxalq Bankı” olub. Dövlət bankının cəmi kapitalı 2021-ci ilin sonu ilə müqayisədə 195 milyon 177 min manat və ya 13.6% artaraq 1 milyard 632 milyon 921 min manata yüksəlib.
Sözügedən banklar arasında cəmi kapitalını ən az artıran bank isə “Muğan Bank” olub. Vəliyevlərin bankı cəmi kapitalını 1 milyon 215 min manat və ya 1.3% artıraraq 93 milyon 180 min manata bərabər edib.
RETAİL BANKLAR
RETAİL banklar arasında cəmi kapitalını ən çox artıran “Bank of Baku” olub. BOB-un cəmi kapitalı 2021-ci ilin analoji dövrü ilə müqayisədə 28 milyon 385 min manat və ya 30% artaraq 122 milyon 860 min manata çatıb.
Sözügedən banklar arasında “Yapı Kredi Bank”ın Bakı filialı ən az artımla siyahıda adını sonuncu yerə yazdırıb. Qoçların bankı cəmi kapitalını 2 milyon 13 min manat və ya 2.4% artıraraq 84 milyon 74 min manata yüksəldib.