Bankın Bakı filialının kredit portfeli azalıb - HESABAT

11.07.2018 Bank
"Bank Melli İran" Bakı filialı 2018-ci ilin birinci yarısını 1 milyon 383 min manat xalis mənfəətlə başa vurub.

"Kommersant" bankın maliyyə hesabatına istinadən xəbər verir ki, faiz gəlirləri 1 milyon 480 min manat, faiz xərcləri isə 52 min manat təşkil edib.

Həmçinin filial 162 min manat haqq və komissiya gəlirləri əldə edib. Bundan başqa, ehtiyatlardan 331 min manat azad olub.

"Bank Melli İran" Bakı filialı 2017-ci ilin birinci yarısını 750 min manat xalis mənfəətlə bağlamışdı. Həmin dövrdə filialın faiz gəlirləri 1 milyon 465 min manat, haqq və komissiya gəlirləri isə 97 min manat təşkil edib.

Filial 2018-ci ilin 1-ci yarısını xalis mənfəətlə başa vurduğundan yığılmış zərər 22 milyon 614 min manatdan 21 milyon 228 min manata düşüb.

"Bank Melli İran" Bakı filialının müştərilərə verdiyi kreditlər cüzi azalıb. 2017-ci ilin sonunda 3 milyon 355 min manat təşkil etmiş kredit portfeli 30 İyun 2018-ci il tarixinə olan hesabata görə, 3 milyon 307 min manata geriləyib. Filialın qiymətli kağızlara investisiyaları isə 18 milyon 204 min manatdan 21 milyon 301 min manata yüksəlib.