Bu ilin ilk 9 ayında Azərbaycanda banklararası bazarın təminatsız sektorunda aktivlik davam edib.
Kommersant.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2025-ci ilin 9 ayında Blumberq ticarət sistemində banklar arasında 51.9 milyard manat məbləğində 2864 ədəd əqd bağlanıb.
Məlumata əsasən, bu əməliyyatların 95%-i 1-3 günlük olub. 9 ayda əqdlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 16% artıb.
“2025-ci ilin 9 ayında 1 günlük banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi - AZIR indeksi aylar üzrə dəyişkən olsa da, faiz dəhlizi daxilində və uçot dərəcəsinə yaxın trayektoriyada hərəkət edib. AZIR indeksinin uçot dərəcəsindən kənarlaşması cari ildə rübdən rübə yaxşılaşıb. Belə ki, AZIR indeksi ilə uçot faiz dərəcəsi arasındakı spred martda -0.4%, iyunda -0.2%, sentyabrda isə cəmi -0.04% olub.
Ümumilikdə, 2025-ci ilin 9 ayında AZIR indeksinin uçot dərəcəsindən standart kənarlaşması 0.32 faiz bəndi olub. Banklararası təminatsız bazarla yanaşı banklararası təminatlı repo bazarında da qısamüddətli bençmark faiz indeksləri banklararası likvidlik vəziyyəti və əməliyyatların intensivliyindən asılı olaraq AZIR dərəcəsinə yaxınlaşıb. Belə ki, 2025- ci ilin sentyabr ayında banklararası təminatlı repo bazarında 6-8 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi (1W AINAIB) 6.25% təşkil edib”, - məlumatda vurğulanıb.