USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İki bank birləşib - KREDİT VERƏCƏK

04.09.2018 Bank
0 1
Banklar biznesi birgə kreditləşdirəcək

"Kommersant.az" xəbər verir ki, Rabitəbank və Unibank birgə sindikatlaşdırılmış kreditlər vermək haqqında qərar qəbul edib. Bununla bağlı bank rəhbərləri arasında birgə sindikatlaşdırılmış kreditlərin verilməsini nəzərdə tutan “Niyyət protokolu” imzalanıb.

Sindikatlaşdırılmış kredit adətən biznes müştərilərinə iki və daha artıq bank tərəfindən ayrılan kreditdir. Bu cür əməkdaşlıq nəticəsində hər iki bank öz biznes müştərilərinin ehtiyaclarını daha geniş həcmdə qarşılamaq iqtidarında olacaq. Bununla da müştərilər ücün daha böyük həcmli və daha uzun müddətli inkişaf planları həyata kecirmək imkanları yaradılacaq. Bu cür kreditlərin digər məqsədi böyük məbləğdə kredit vəsaitləri ilə bağlı risklərin iştirakçı banklar arasında bölüşdürülməsidir. Bu gün bazarda biznes sahiblərinin böyük həcmli kreditlərə tələbatını qarşılamaq üçün sindikatlaşdırılmış kreditlərə çox ehtiyac var. Bu baxımdan Unibank və Rabitəbank arasında bu istiqamətdə başlanan əməkdaşlıq həm biznes sahibləri, həm də bank sektorunda aktivliyin artması baxımından çox faydalı olacaq.

“Unibank” KB ASC İdarə Heyətinin sədri Faiq Hüseynov bu əməkdaşlığı yüksək qiymətləndirib: “Dünya bank bazarında geniş tətbiq olunan bu kredit məhsulunun ölkəmizdə də istifadəsini təcrübədən keçirən ilk banklar siyahısında olmaq çox xoşdur. Bu əməkdaşlıq bizə daha böyük biznes layihələrini birgə maliyyələşdirməyə, biznesin ehtiyac duyduğu böyük pullara tələbatın qarşılanmasına imkan yaradacaq. İnanıram ki, müstəqil Azərbaycan bankçılığında böyük təcrübəyə malik iki bank - Unibank və Rabitəbankın böyük biznes layihələrini dəstəkləməsi, bank sektorunda yeni trendlər yaradacaq.

Rabitəbank ASC İdarə Heyətinin sədri Elçin Qədimov da hesab edir ki, böyük məbləğdə kreditlərin ayrılması zamanı risklərin tərəfdaş banklar arasında bölüşdürülməsinə imkan verən sindikatlaşdırılmış kreditlər, ölkəmizdə böyük biznesin inkişafı istiqamətində daha bir töhfə olacaq: “Azərbaycanın zəngin bankçılıq ənənələrinə malik iki bankının bu əməkdaşlığı, bizneslər üçün iri həcmli maliyyə vəsaitlərini daha da əlçatan edəcək. Sindikatlaşdırımış kredit, sahibkar üçün daha böyük həcmdə layihələrin həyata kecirilməsi imkanlarının artması ilə yanaşı, ümumi iqtisadi inkişafa və məşğulluğun artmasına da dəstək olacaq.”

Rabitəbank haqqında

1993-cü ildə fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda Rabitəbankın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrdir. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir.

Fəaliyyət göstərdiyi 25 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 23 filial və 2 şöbədən ibarət filial şəbəkəsini yaradaraq, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 14 regionunda təmsil olunmuşdur. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.