Qarabağ Azərbaycandır!

Krediti ürəklə verən banklar hansılardır? - SİYAHI, ŞƏRH

24.09.2018 Bank
Bu ilin avqust ayının 1-nə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 782,1 milyon manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, buna baxmayaraq əhali arasında kredit götürməyə maraq yüksəkdir. Qeyd edək ki, bu il kreditlərin 96,7%-i banklar tərəfindən verilib.

Kredit götürməyə marağın səbəbi nədir?

Ekspert Əkrəm Həsənov redaksiyamıza açıqlamasında qeyd edib ki, səbəblər fərqlidir: əvvəlki borcların bağlanması, istehlak kreditləri, ipoteka kreditləri və s.:

"Lakin banklar bu tələbatı ödəmir. Əvvəla, ona görə ki, əksər bankların kifayət qədər sərbəst vəsaiti yoxdur. Əksinə, likvidlik problemləri var, çünki problemli kreditlərinin həcmi yüksəkdir, Mərkəzi Bank isə onlara kredit vermir. Kifayət qədər imkanı olan banklar isə (məsələn, "Kapital Bank") ehtiyatlı davranırlar. Çünki əvvəla Maliyyə Bazarlarına Nəzarət Palatası məsuliyyətli kreditəşdirmə tələblərini qoyub (məsələn, borcalanın rəsmi gəliri və s. dair) və banklar onlara əməl etməlidir. Digər tərəfdən isə əhalinin kreditləri qaytarmaqda mövcud intizamsızlığı bankları könüllü olaraq da daha ehtiyatlı davranmağa vadar edir".

Ə.Həsənov bildirib ki, "Kapital Bank"ın bu sahədə daha aktiv olmasının obyektiv və subyektiv səbəbləri var:

"Adı çəkilən bank son zamanlar maliyyə, kadr və idarəetmə baxımdan xeyli güclənib. Digər tərəfdən isə bir sıra qurumların işçiləri əmək haqqını və sair ödənişləri (pensiya və s.) məhz bu bank vasitəsilə alır. Buna görə də kredit qayıtmayanda bank həmin ödənişdən pulunu tutmaq imkanına malikdir. Buna görə də krediti daha ürəklə verir".

O vurğulayıb ki, sahibkarların kredit alması ilə bağlı vəziyyət nisbətən fərqlidir:

"Sahibkarlar, əsasən, kredit almaqdan çəkinir. Çünki biznes aktivlik aşağı düşüb. Bununla belə, bu sahədə də aktivlik son zamanlar artıb. Burada mənim müşahidəmə görə, "Paşa Bank" daha aktivdir. Ümumiyyətlə, maliyyə, kadr potensialı və idarəçilik baxımdan "Paşa Bank" hazırda bank sisteminin lideridir".