Manata təzyiqlər niyə artır?

07.11.2018 Bank
Maliyyə nazirinin qonşu ölkələrdə milli valyutaların dəyərsizləşməsi manata təzyiqi artırır fikri nədən xəbər verir?

"Kommersant.az" xəbər verir ki, iqtisadçı alim Vüqar Bayramov suala cavab olaraq bildirib ki, əslində bu bizim uzun müddət gündəmdə saxladığımz fikrin rəsmi dəstəklənməsidir:

"Manatın kursu yalnız neftin dünya bazar qiymətindən deyil, eləcə də qeyri-neft ixracatımızda əsas tərəfdaşlarımızın, xüsusilə də Rusiya rublunun vəziyyətindən asılıdır. Neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da, aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil. Eyni zamanda, rəsmi statistikaya əsasən, mədən sənayesi ümumi məşğulluğun cəmi 1 faizini formalaşdırır. Fərqli metodologiyadan istifadə olunsa belə, neft sektorunun məşğulluqda payı 2 faizdən çox deyil. Bu isə o deməkdir ki, məşğulluğun 98 faizi qeyri-neft sektorunda formalaşır. Doğrudur, bu məşğulluq təxminən 40 faizi büdcə ayırmaları hesabına formalaşsa da yenə də qeyri-neft ixracatı bizim üçün nəinki iqtisadi, həm də sosial baxımdan əhəmiyyətini qoruyub saxlayır".

İqtisadçı qeyd edib ki, qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir:

"Bu baxımdan da qonşu ölkələrdə mill valyutaların kursu Azərbaycan üçün əhəmiyyətlidir. Öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbat yüksələcək. Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək. Bütövlükdə, vətəndaşların iki faktora, neftin dünya bazar qiyməti və qonşu ölkələrin, xüsusilə də Rusiya rublunun vəziyyətinə diqqət edərək, manata təzyiqin olub-olmadığını müəyyənləşdirə bilərlər".