"Sədərək" və "Binə" sahibləri dezinfeksiya işləri aparmır - "Onsuz da alver ölmüşdü..."

04.03.2020 Biznes
Ötən ilin dekabrında Çində peyda olan və Azərbaycan da daxil olmaqla 64 ölkəyə yayılan ölümcül koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə bütün dünyada əhalinin sıx olduğu ərazilər dezinfeksiya olunur. Çinin Uhan şəhərinin küçələri, ictimai yerləri virusun qeydə alındığı tarixdən indiyədək gündə ən azı 2 dəfə dezinfeksiya edilir. Qonşu Rusiya, Gürcüstan, hətta koronavirusun qeydə alınmadığı Türkiyədə təkcə ictimai nəqliyyat deyil, həm də bazarlar, ticarət mərkəzləri dezinfeksiya olunur.

Azərbaycanda da Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın göstərişləri əsasında bir neçə gündür ictimai nəqliyyatda, metro stansiyalarında və qatarlarında, təhsil müəssisələrində dezinfeksiya işləri aparılır. Koronavirusa görə karantində saxlanılan xüsusi xəstəxananın (yeri və adı açıqlanmır) baş direktoru Emin Hüseyn isə REAL TV-yə açıqlamasında insanların kütləvi cəmləşdiyi yerlərdən uzaq durmağı tövsiyə edir.

"Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilərindən az təmasda olsunlar ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə qabaqlayıcı tədbirdir",-o bildirib.

"Kommersant.az" xatırladır ki, Bakıda "Sədərək", "Binə" ticarət mərkəzləri, el arasında "Vasmoy bazar" kimi tanınan Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki bazar əhalinin sıx təmasda olduğu məkanlardandır. Hər gün bu bazarlara on minlərlə insan alıcı və satıcı qismində baş çəkir. Üstəlik həmin ərazilərdə onsuz da antisanitariya hökm sürürdü, koronavirus olmasa belə bu bazarlar potensial yoluxma mənbəyidir. Amma belə görünür ki, həmin ticarət mərkəzlərində dezinfeksiya işləri aparılmır, ticarət mərkəzlərinin hər ay icarədarlardan on milyonlarla (ola bilsin yüz milyonlarla) toplayan sahibləri nə dezinfeksiya işləri üçün xüsusi texnika alıb, nə digər zəruri tədbirlər görüb.

"Sədərək" ticarət mərkəzinin satıcıları bildiriblər ki, sonuncu dəfə bazarın nə vaxt dezinfeksiya edildiyini xatırlamırlar. Bəziləri tibbi maska taxır, amma beləliklə qorunacaqlarına əmin deyillər. "Bazarda alış-veriş zəifləyib. Həftəarası heç alıcı gəlmir. Görünür, çoxu koronavirusdan çəkinir",-satıcılardan biri deyib. Digər satıcı isə deyib ki, ticarət mərkəzinin rəhbərliyini yalnız yerpulu maraqlandırır.

"Bazarı bağlayıb dezinfeksiya etmək onların nəyinə lazımdır? Ofisdən çıxmırlar ki, birdən virus keçər. Əsas puldur, bir tikə çörək qazanmaq üçün burda çalışanların həyatı onlar üçün maraqlı deyil",-satıcı əlavə edib.

Bazarda işləyən digər ticarətçi isə deyir ki, onlar nə indi, nə əvvəllər burada dezinfeksiya aparılmasının şahidi olmayıblar. "Heç maraqlanan da yoxdur. Bazarda isə alver bu virus söhbəti çıxandan onsuz da ölmüşdü, indi isə sıfırdır…",-həmin ticarətçi deyir.

"Sədərək" ticarət mərkəzinə məxsus telefon nömrələrinə dəfələrlə zəng vursaq da cavab verən olmayıb.

"Binə" ticarət mərkəzində işləyən satıcı isə deyib ki, bazarın dezinfeksiya edilməsinin şahidi olmayıb. Olsaydı, xəbər tutardılar. "Binə" ticarət mərkəzinin ofisindən isə bildiriblər ki, onların bazardan xəbərləri yoxdur, otaqdan çölə çıxmırlar. "Bu sualı yalnız direktor cavablandıra bilər, o, isə telefonla məlumat vermir. Biz indi oturmuşuq ofisdə, bazarda nə baş verir, xəbərimiz yoxdur",-ticarət mərkəzinin özünü təqdim etməyən qadın əməkdaşı bildirib.

"Vosmoy" bazarının satıcıları isə deyiblər ki, dezinfeksiya bir yana, heç olmasa bazardan tullantıları vaxtlı-vaxtında daşısınlar. Arabalarda satılan, elə bazardaca təmizlənən balığın qanı çirkab qarışıq küçəyə axır. Gecələr tullantılar boş ərazilərə atılır. "Tibbi maska taxan yoxdur, üstəlik hərənin yanında bir butulka su olur. Onunla əlini təmizləsin, meyvəyə su vursun, ya əllərini yusun",-satıcı belə deyib.

"Vosmoy bazarı"nın pal-paltar və məişət əşyaları satılan hissəsində də analoji vəziyyət hökm sürür… /Virtualaz.org